Turan Mirzəyev çempionata qatılmamasının əsl səbəbini açıqladı
09.01.2009 - 12:26
Turan Mirzəyev çempionata qatılmamasının əsl səbəbini açıqladı
“Bir müddət öncə topuğum burxulub. Müalicə olunsam da, tam sağalmamışam. İndi ayağımda şiş var. Milli çempionatda da məhz buna görə iştirak etmirəm. İnanın ki, ortada başqa səbəb yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan ağırlıqqaldırma yığmasının üzvü Turan Mirzəyev deyib.

30 yaşlı atlet bildirib ki, çempionata qatılmayacağı ilə bağlı milli komandanın baş məşqçisi Vahid Nəzərovu dünən, yəni yarışın startı günü məlumatlandırıb: “Ölkə birinciliyimdə mübarizə aparacağımı düşünürdüm. Lakin çempionatın başlamasına lap az qalmış podiuma çıxa bilməyəcəyimi hiss etdim. Baş məşqçi Vahid Nəzərov da elə bilirdi ki, yarışda qüvvəmi sınayacağam. Ona bu barədə dünən xəbər vermişəm”.

Buna baxmayaraq, dünya çempionatının bürünc mükafatçısı yenə yığmaya çağırılacağına inanır: “Fikrimcə, çempionata qatılmamağım milli komandadakı mövqeyimə təsir göstərməyəcək. Ümidvaram ki, apreldə keçiriləcək Avropa çempionatına mən də aparılacağam”.

Qeyd edək ki, Mirzəyevlə yanaşı, ölkəmizin ən titullu ağırlıqqaldıranı, ikiqat dünya çempionu Nizami Paşayev da Azərbaycan çempionatında yarışmır.
0