“Spartak” azərbaycanlı futbolçunu niyə bəyənmədi?
12.01.2009 - 11:58
“Spartak” azərbaycanlı futbolçunu niyə bəyənmədi?
Azərbaycan yığmasının sabiq müdafiəçisi İlqar Əbdürəhmanovun Rusiyanın “Spartak” klubuna keçidi baş tutmayıb. Futbolçunun qardaşı Timur Əbdürəhmanov apasport.az saytına açıqlamasında Nalçik təmsilçisinin Türkiyədəki hazırlıq prosesində iştirak edən İlqarın zədələndiyini bildirib.

Onun sözlərinə görə, qardaşı son günlərdə “Spartak”ın düşərgəsində qalsa da, məşqə çıxmayıb: “Bu da İlqarın zədələnməsi ilə bağlıdır. Qardaşım Bakının “İnter” klubu ilə yoldaşlıq görüşündə xəsarət alıb. Dizində problemi olan qardaşım bu səbəbdən hazırlıq prosesindən kənarda qalıb. Ancaq bu, elə də ciddi deyil. “Spartak”ın baş məşqçisi Yuri Krasnojan İlqarı çoxdan tanıyırdı. Rus mütəxəssis ötən yay söhbətləşdiyi qardaşımı qış hazırlıq prosesində baxışa dəvət etmişdi. Krasnojan hələ gənc yaşlarında Novorossiyskin “Çernomorets” klubunda çıxışını bəyəndiyi qardaşımın indi hansı formada olduğunu görmək istəyirdi. İlqarın artıq 30 yaşının olması, zədə və rəqabətin böyük olması öz sözünü deyir. Qardaşımın dediyinə görə, komandanın düşərgəsində 40 futbolçu yer alıb”.

Krasnojan isə Rusiya mətbuatına verdiyi açıqlamada Əbdürəhmanovun adını çəkməsə də, transfer siyasətlərinə toxunub: “Seleksiya işlərində yerli futbolçulara üstünlük verməyə çalışırıq. Hələ ki bu uğurlu alınmır. Çoxlu futbolçuları baxışdan keçiririk. Hazırkı futbolçulardan güclülər isə əsasən legionerlərdir. Hələ heç kimlə müqavilə imzalamamışıq. Ən yaxşı halda əməkdaşlıqla bağlı şifahi razılıq əldə olunub”.

Qeyd edək ki, İlqarın ilk dövrədə çıxış etdiyi Salyanın “Muğan” klubunun düşərgəsinə qayıtması nəzərdə tutulub. Həmin vaxtadək futbolçumuzun başqa komandada baxışda olacağı istisna edilmir.
0