Mircavadov: “İnter” Moskvada taktikasını dəyişsə, “yanacaq”
16.01.2009 - 16:02
Mircavadov: “İnter” Moskvada taktikasını dəyişsə, “yanacaq”
“Azərbaycanın “Birlik kuboku”nu boykot etməsinin tərəfdarı deyiləm. Bunu ona görə demirəm ki, turnirin iki dəfə qalibi olmuşam. Sadəcə, nə Avropanın aparıcı ölkəsi, nə də Rusiya və Ukrayna deyilik ki, belə yarışa yuxarıdan aşağı baxaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

“Neftçi” və “Xəzər-Lənkəran”ın çalışdırıcısı kimi, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin qalibi olan 62 yaşlı mütəxəssis Azərbaycan üçün hər bir turniri vacib sayır: “Ukrayna və Gürcüstanın turnirə laqeyd yanaşmasını misal göstərə bilərlər. Bunu siyasiləşdirmək istəməsəm də, hər halda, bu ölkələrin Rusiya ilə münasibəti məlumdur. Şəxsi fikrim belədir ki, dəvət edildiyimiz hər bir turnirdə yalnız iştirakla kifayətlənməyib, uğurla çıxış etməyə çalışmalıyıq. Yaşar Vahabzadənin çalışdırdığı 19 yaşlılardan ibarət yığmamızın Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış etməsini yüksək qiymətləndirirəm. Gənc oyunçularımız bundan xeyir götürəcək. Kimsə deyə bilər ki, turnir yanvarda keçirilir. Ancaq 19 yaşlı futbolçu üçün yarışın yanvar, yaxud apreldə olması fərq etməməlidir”.

Mircavadov “Birlik kuboku”nda bu dəfə ölkəmizi təmsil edəcək Bakının “İnter” klubunun debütant olmasına baxmayaraq, ondan uğurlu çıxış gözləyir: “İddialı saydığım ”İnter”in rəhbərliyinə inamım böyükdür. “Birlik kuboku” ağır turnirdir. Çünki 8 günə 5-6 oyun keçirməli olursan. Sintetik örtükdə isə fiziki hazırlıqdan, topla işləməkdən çox şey asılıdır. Hazırlıq üçün yaxşı şərait, heyətin geniş olması da böyük önəm kəsb edir. İşlədiyim vaxtda hazırlıq prosesini Bakıda keçib, burdan Rusiyaya yollanırdıq. Ancaq “İnter” Antalyada iki həftəlik təlim-məşq toplanışı keçib və 30-a yaxın futbolçusu, çoxlu səviyyəli legionerləri var. Bir sözlə, komandamızı turnirin favoritləri kimi görmək istərdim”.

Təcrübəli mütəxəssis son Azərbaycan çempionuna öz tövsiyələrini də verib: “Qrup mərhələsindən çıxmalıdır, başqa söhbət ola bilməz. Çünki güclü komandadır və baxımlı oyun göstərir. Əsas məsələ komandanın oyunu ilə istəyin eyni olmasıdır. “İnter”də Moskvada öz oyununu oynamalıdır. Yəni, rəqibə uyğun oynasa, taktikanı dəyişdirsə, özünü “yandıracaq”.

Qeyd edək ki, Mircavadov “Neftçi” və “Xəzər-Lənkəran”ı son dörd “Birlik kuboku”nun üçündə finala çıxarıb.
0