Fabio Kapello və Luis Araqones Azərbaycana uğurlar arzuladılar
19.01.2009 - 11:00
Fabio Kapello və Luis Araqones Azərbaycana uğurlar arzuladılar
Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaş Türkiyədən işgüzar səfərdən qayıdıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin dəvəti ilə Antalyaya orada keçirilən 3-cü Futbol və Bilim Konqresində fəxri qonaqlar sırasında yer alıb.

Müzakirələr və ziyafətlərdə İngiltərə yığmasının italyan baş məşqçisi Fabio Kapello, ötən yay İspaniya yığmasına Avropa çempionluğunu qazandırdıqdan sonra “Fənərbaxça” klubunu çalışdıran Luis Araqoneslə görüşən Yavaş “Qəbələ” klubunun rəsmi saytına açıqlamasında onları futbolumuz haqda məlumatlandırdığını bildirib: “Ziyafətlərin birində Terim, Araqones və Kapelloya Azərbaycan futbolu haqqında məlumat verdim. Bildirdim ki, ölkənizdə futbol funksionerləri inkişaf əldə etmək üçün var güclərini ortaya qoyurlar və yaxın gələcəkdə onların çəkdiyi əziyyət öz bəhrəsini verəcək. Dünya şöhrətli məşqçilər isə uğurlar arzuladılar və Azərbaycanı Avropanın aparıcı futbol ölkələri sırasında görmək istədiklərini bildirdilər. Söhbət əsnasında Terim, Araqones və Kapello Qəbələdə görülən işlərlə maraqlanaraq öz tövsiyələrini verib, "Qəbələ"nin rəhbərliyinin uşaq futbolunun inkişafına ayırdığı qayğını yüksək qiymətləndiriblər”.

Terimlə uzun müddətdir dostluq edən Yavaş onunla “Qalatasaray” klubunda və Türkiyə yığmasında bir yerdə oynayıb. Sonradan bir yerdə çalışan bu mütəxəssislərin yolu yenə “Qalatasaray”da kəsişib. Belə ki, Terim “Cim-bom”un baş məşqçisi olduğu zamanı Yavaş aşağı yaş qrupları üzrə komandalara koordinatlıq edib. O, Qəbələnin akademiyasına direktor təyin edilməmişdən öncə Terim ona Türkiyənin olimpiya yığmasının baş məşqçi postunu təklif edib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının təşkil etdiyi konqresdə iştirak edən 1000-ə yaxın gənc məşqçi təcrübəli həmkarları ilə görüşlərdə biliklərini artırmaq imkanı qazanırlar.
0