Azərbaycanlı futbolçular “Birlik kuboku”nun ¼ finalında
19.01.2009 - 11:02
Azərbaycanlı futbolçular “Birlik kuboku”nun ¼ finalında
Rusiyanın Moskva şəhərində keçirilən “MDB və Baltika ölkələrinin çempionlarının Birlik kuboku” turnirində ¼ final mərhələsinə vəsiqə qazanan komandalardan 4-ü məlum olub. Apasport.az saytının məlumatına görə, Latviyanın “Ventspils”, Qazaxıstanın “Aktobe”, Moldovanın “Şerif” və Belarusun “MTZ-RİPO” komandaları qrup mərhələsinin son oyunundan asılı olmayaraq növbəti mərhələyə yüksəlib.

Heyətində iki azərbaycanlı futbolçu olan Belarus təmsilçisi ilk turda “Ekranas”a (Litva) uduzsa da, “Aşqabad”ı (Türkmənistan) 4:0 məğlub etməklə vəsiqəni özünə təmin edib. Bu qrupda müsabiqədənkənar çıxış edən Rusiya gənclər yığmasının nəticələrinin nəzərə alınmamağı “MTZ-RİPO”nu ¼ finala daşıyıb. Minsklilərin heyətində çıxış edən Elmar Xeyirov və Arzu Nəsibov da bu matçların iştirakçısı olub. Bir ildir komandanın sıralarında olan Elmar ilk matçın 81-ci dəqiqəsində meydana daxil olub. İkinci qarşılaşmada isə hər iki futbolçumuz son 13 dəqiqəni meydanda olaraq ¼ finala vəsiqənin qazanılmasında pay sahibi olub. Bu Arzunun Belarus klubunda ilk rəsmi oyunu olub.

Qeyd edək ki, Xeyirovla Nəsibova qədər yalnız 4 azərbaycanlı futbolçu xarici komanda ilə “Birlik kuboku”nda iştirak etmişdi. Belə ki, Ruslan Lukin, Dmitri Kramarenko, Nazim Süleymanov və Ruslan Musayev də başqa ölkə təmsilçisi ilə Moskva turnirinə qatılıb.
0