“Emin xəstəyə oxşamırdı”
05.02.2009 - 14:54
“Emin xəstəyə oxşamırdı”
2008-ci ildə Finlandiyanın Tampere şəhərində keçirilmiş Avropa çempionatının bürünc mükafatçısı, Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanı sərbəst güləş növündə təmsil etmiş Emin Əzizov cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, bu haqda lent.az-a milli komandamızın baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib.

Onun sözlərinə görə, buna 25 yaşlı pəhləvanın 2008-ci il 18-22 dekabrda keçirilən Azərbaycan çempionatına qatılmaması səbəb olub. Dağıstanlı baş məşqçi bildirib ki, Əzizov çempionatda iştirak etməməsini xəstəliyi ilə əlaqələndirib. Lakin güləşçi xəstəliyi haqda heç bir sənəd təqdim etməyib: “Yarışın ertəsi gün Emin Əzizovu gördüm. O, səhhətində problemi olan idmançıya oxşamırdı”.

Hazırda Əzizov yığma komandamızın təlim-məşq toplantısında iştirak edir. Buna baxmayaraq, Aratsilov güləşçimizin qarşıdakı Dünya Kuboku, Avropa çempionatı və “Qızıl Qran Pri” turnirinin II mərhələsinə aparılmayacağını açıqlayıb: “Emini 6-8 martda Belarusun paytaxtı Minskdə keçiriləcək beynəlxalq turnirdə sınaqdan çıxaracağıq. Turnirdə özünü göstərə bilməsə, onun 21-27 sentyabrda Danimarkanın Herninq şəhərində təşkil olunacaq dünya çempionatında da iştirakı sual altına düşəcək. Əzizova pul cəriməsi tətbiq etməyə isə lüzum görmürük. Çünki qarşıdakı nüfuzlu yarışlardan kənarda qalması onun üçün böyük miqdarda cəriməyə bərabərdir”.

Lakin Azərbaycan Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov Əzizovun müdafiəsinə qalxıb. O, Avropa çempionatının bürünc mükafatçısının cəzalandırıldığını təkzib edib: “Emin hazırda yığmanın düşərgəsində məşq edir. Ölkə çempionatına qatılmaması həqiqətən də xəstələnməsi ilə əlaqədardır”.

Qeyd edək ki, Dünya Kuboku 7-8 martda İranın paytaxtı Tehranda, Avropa çempionatı 31 mart – 05 apreldə Litvanın paytaxtı Vilnüsdə, “Qızıl Qran Pri” turnirinin II mərhələsi isə 14 – 18 apreldə Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
0