Olimpiya mükafatçımızın hədəfi və narazılığı
05.02.2009 - 15:32
Olimpiya mükafatçımızın hədəfi və narazılığı
“Avropa çempionatında qarşıma ilk “səkkizliy”ə vəsiqə qazanmaq məqsədi qoymuşam. Final mərhələsinə yüksəldikdən sonra təbii ki, medal uğrunda mübarizə aparacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan güllə atıcılığı yığmasının oynayan-məşqçisi İradə Aşumova deyib.

Afina Olimpiadasının bürünc medalçısı qitə çempionatlarında bir qayda olaraq, fəxri kürsüyə yüksələ bilmədiyini vurğulayıb: “Avropa birinciliklərində ən yaxşı nəticəni 1985-ci ildə göstərmişəm. O zaman SSRİ yığmasının heyətində komanda növündə çempion olmuşdum. Fərdi yarışda isə yalnız 1994-cü ili fərqləndirərdim. 15 il öncə 4-cü yeri tutmuşdum. Avropa çempionatlarında bundan yüksək nəticəm olmayıb”.

Ötən həftə milli komandanın məşqçisi postuna təsdiqlənən Aşumova yeni təyinata da münasibət bildirib: “Fikrimcə, indi yığmada məşqçi işləmək üçün uyğun vaxt deyil. Çünki bu ərəfədə mənim yarışlarım çox olduğundan vaxtım yoxdur. Buna görə də, tələbə yetişdirmək müşkül məsələdir. Bunun üçün ən yaxşı zaman avqust ayı sayılır. Məhz bu ayda beynəlxalq turnirlərdə fasilə yaranır. Həm də milli komandada təlim-məşq toplanışları təşkil etmək vacibdir”.

Qeyd edək ki, 10 metrlik məsafədən atəş açma üzrə Avropa çempionatı 18-24 fevral aralığında Çexiyada keçiriləcək.
0