Namiq Abdullayev: Bu il dünya çempionu olmalıyam!
06.02.2009 - 16:49
Namiq Abdullayev: Bu il dünya çempionu olmalıyam!
“Bu il qarşıma dünya çempionu olmağı hədəf qoymuşam”. Apasport.az saytının məlumatına görə, bunu lent.az-a açıqlamasında sərbəst güləş olimpiya çempionu Namiq Abdullayev deyib.

38 yaşlı pəhləvanı bildirib ki, 21–27 sentyabr tarixində Danimarkanın Kerninq şəhərində keçiriləcək dünya çempionatına qatılmaq niyyətindədir: “2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarından qızıl medalla qayıtdıqdan sonra dünya çempionu olmaq istəyimi açıqlamışdım. İndiyədək 3 dəfə Avropa, 1 dəfə olimpiya çempionu olsam da, dünya çempionatının qızıl medalını qazana bilməmişəm. İnşallah, bu il arzumu reallaşdırmaq əzmindəyəm”.

2008-ci il oktyabrın 28-də subaylığın daşını atan Abdullayev hazırda daha çox fiziki məşğələlərə üstünlük verdiyini vurğulayıb. O, sabah Türkiyənin paytaxtı Ankarada start götürəcək Yaşar Doğunun xatirə turnirindən kənarda qalacaq. Bununla belə, təcrübəli pəhləvan dünya çempionatı öncəsi bir neçə yarışa qatılmaq niyyətindədir: “Hələlik hansı turnirlərdə iştirak etməyimin münasib olub-olmadığı haqda götür-qoy edirəm. Dünya çempionatınadək bir-iki yarışda qüvvəmi sınamaq fikrindəyəm”.

Abdullayev idmançı karyerasını nə vaxt başa vuracağı haqda suala isə konkret cavab verməyib. O, bildirib ki, vaxtı gələndə bu haqda açıqlama verəcək.

Qeyd edək ki, Abdullayev 1994, 1995 və 2003-cü illərdə Avropa çempionu, 2000-ci ildə olimpiya çempionu, 1996-cı ildə isə olimpiya oyunlarının finalçısı olub. O, həmçinin dünya çempionatlarında 3 dəfə gümüş, 1 dəfə bürünc medal qazanıb.
0