İdmançılarımızın mükafatları ikiqat artırılır
07.02.2009 - 00:24
İdmançılarımızın mükafatları ikiqat artırılır
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yeni əmr imzalayıb. Bu haqda apasport.az saytına məlumat verən nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun sözlərinə görə, əmr dünya və Avropa çempionatlarında, birinciliklərində, kubok yarışlarında medal qazanmış idmançıların, onların şəxsi məşqçilərinin və yığmaların baş məşqçilərinin mükafatlandırılması haqqındadır.

“Bundan sonra pul mükafatlarının təqdim olunması üçün beynəlxalq rəsmi yarışda 10 yox, 15 ölkənin iştirakı vacibdir. Eyni zamanda, fərdi proqramda 8 deyil, 10 idmançının mübarizə aparması şərtdir” - deyə Rəhimov vurğulayıb.

Şöbə müdiri bildirib ki, əmrin imzalanmasında əsas məqsəd pul mükafatlarını daha mötəbər, səviyyəli turnirlərdə medal qazanmış idmançılarımıza təqdim etməkdir: “Bəzən hansısa çempionatda təşkilatçı ölkənin bir neçə komandası çıxış edir. Məsələn, Ukraynada keçirilən dünya çempionatına Kiyev, Donetsk, Dnepropetrovsk şəhərlərinin idmançıları qatılırlar və onların hərəsi ayrı komanda kimi göstərilir. Nəticədə yarışın iştirakçılarının sayı süni şəkildə artır. Mükafatlandırılma qaydaları haqqında dəyişiklik məhz belə hallara aiddir”.

Rəhimov beynəlxalq rəsmi yarışlarda fəxri kürsüyə yüksələcək idmançılarımıza veriləcək pul mükafatlarının məbləğinin ikiqat artırılacağını söyləyib: “Bu məqsədlə Nazirlər Kabinetinə təklif göndərmişik. Mükafatlandırılma ilə bağlı mövcud qərar 2002-ci ildə qəbul olunub. İndi bu sənədə dəyişiklik etmək zərurəti yaranıb. Əgər Nazirlər Kabineti təklifə müsbət cavab versə, dünya və Avropa çempionlarında, həmçinin kompleks yarışlarda - universiadalarda, Avropa festivalında, hərbçilərin olimpiadasında, yeniyetmələrin oyunlarında medal qazanmış idmançılarımız əvvəlki ilə müqayisədə 2 dəfə çox pul əldə edəcəklər”.
0