Yığmamız Misirə iki dəfə uduzdu
12.02.2009 - 18:03
Yığmamız Misirə iki dəfə uduzdu
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası Misirdə təlim-məşq toplanışına başlayıb. Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, hazırlıq prosesi çərçivəsində yığmamız yoldaşlıq görüşündə qüvvəsini sınayır.

Saleh Hüseynovun yetirmələri artıq iki oyunda çıxış ediblər. Dünən və bu gün Misirin gənclərdən ibarət yığması ilə qarşılaşan milli komandamız hər iki matçda məğlubiyyətlə üzləşib - 1:3 və 0:3. Nuriyev bildirib ki, məğlubiyyətə səbəb heyətdəki itkilərlə bağlıdır. Belə ki, yığmamız səfərə heç də əsas heyətlə yollanmayıb. Komandanın 3 aparıcı hokkeyçisi hərbi xidmətdə olduğundan, təlim-məşq toplanışına qatılmayıb.

Milli komandamız sabah gənc misirlilərə qarşı daha bir oyun keçirəcək. Fevralın 15-də isə bu ölkənin əsas yığması ilə yoldaşlıq görüşü baş tutacaq. Yığmamız Vətənə fevralın 20-də dönəcək.
0