Ümumdünya Taekvondo Federasiyasının baş katibini Bakıda nə heyrətləndirib?
16.02.2009 - 16:19
Ümumdünya Taekvondo Federasiyasının baş katibini Bakıda nə heyrətləndirib?
Gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda səfərdə olan Ümumdünya Taekvando Federasiyasının (WTF) baş katibi Cin Sun Yanq, baş katibin müavini Çul Ox Kim, İdman Departamentinin meneceri Ceo Kanq Seo və Beynəlxalq Paralimpiya Komitəsinin rəhbəri Filip Beobonu qəbul edib. Apasport.az saytının məlumatına görə, öncə nazir son illər ərzində idman sahəsində görülən işlər, 17 illik müstəqilliyi dövründə Azərbaycan idmanının inkişafı və dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.

Rəhimov bildirib ki, ölkəmiz gimnastika üzrə Avropa çempionatı, güləş, boks üzrə dünya çempionatı və digər mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Hazırda respublikamızda 19 olimpiya idman kompleksinin fəaliyyət göstərdiyini deyən nazir daha 17 belə kompleksin 2010-cu ilin sonlarınadək istifadəyə veriləcəyini söyləyib.

Bundan başqa, Rəhimov Sumqayıt şəhərində yerləşən Paralimpiya Kompleksinin fəaliyyətindən söz açıb, idmançılarımızın Pekin Yay Paralimpiya Oyunlarında 2 qızıl, 3 gümüş və 5 bürünc qazanmalarını vurğulayıb. O, ölkəmizdə eyni zamanda güləş, boks, cüdo və digər idman növləri ilə bərabər taekvandonun da çox sevildiyini, regionlarda böyük sayda taekvando zallarının olmasını nəzərə çatdırıb. Nazirin dediyinə görə, hazırda Azərbaycanda 10 min gənc taekvondo ilə məşğul olur. Taekvando üzrə dünya kubokunun və paralimpiyaçılar arasında ilk dünya çempionatının iyunda məhz Bakıda keçiriləcəyini təqdirəlayiq hal sayan Rəhimov istər dövlət, istərsə də federasiya səviyyəsində bu yarışlara ciddi hazırlıq getməsindən bəhs edib.

WTF-nin baş katibi Cin Sun Yanq isə qarşıdakı yarışların hazırlıq işlərinə heyran qaldığını gizlətməyib. Coğrafi mövqeyinə görə Bakını regional mərkəz adlandıran qonaq Azərbaycanın həm Avropa, həm də dünya çempionatları keçirməyə qadir olduğunu bildirib. O, paytaxtımıza səfəri zamanı bunun əyani şahidi olduğunu söyləyib. Baş katib gələcəkdə WTF-nin seminarlarının Bakıda keçirilmə ehtimalını da yüksək qiymətləndirib.
0