Qılıncoynatma bizlik deyil
17.02.2009 - 14:05
Qılıncoynatma bizlik deyil
Azərbaycan qılıncoynadanları Rusiya paytaxtı Moskvada keçirilən Qran-Pri turnirində uğursuzluğa düçar olub. Bu haqda apasport.az saytına Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, həm kişi, həm də qadın sablyaçılarımız Moskvada medal qazana bilməyiblər.

Xüsusilə, kişilərin yarışında biabırçı nəticələr qeydə alınıb. 93 idmançının qatıldığı mübarizədə İlham Bünyatov 79-cu, Namiq Ağarəhimov 87-ci, Ramin Əmirov 88-ci, Samir Məmmədov isə 89-cu yeri tutub. Onların heç biri 1/32 finala yüksəlməyi bacarmayıb. Komanda hesabında 14 kollektiv arasında axırıncı pillədə qərarlaşmışıq.

Qadın sablyaçılarımızdan isə ikisi – Aida Ələsgərova və Sabina Mikina təsnifat mərhələsini adlayıb. Lakin ən güclü 32 qılıncoynadan arasına düşməyə onların gücləri yetməyib. Yekunda Mikina 48-ci, Ələsgərova 57-ci, Sevil Bünyatova 67-ci, Sevinc Bünyatova isə 70-ci sırada qalıb. Qadınların komanda yarışları bu gün keçirilir.
0