Fransada fiasko: Azərbaycan 8 komanda arasında 8-ci oldu
21.02.2009 - 14:28
Fransada fiasko: Azərbaycan 8 komanda arasında 8-ci oldu
Azərbaycanın yunan-Roma güləşi yığması Fransanın Klermon-Ferran şəhərində keçirilən Dünya Kubokunda uğursuz start götürüb. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan milli komandamız ilk görüşdə Rusiyaya uduzub - 1:6. Bəhram Mürvətovun yetirmələrindən yalnız 74 kq çəki dərəcəsində çıxış edən pəhləvanımız qalib gəlib. 55, 60, 66, 84, 96 və 120 kq çəki dərəcələrində isə məğlub olmuşuq. Qrupda keçirilən digər qarşılaşmada Ermənistan Macarıstanı 6:1 hesabı ilə üstələyib.

Daha sonra başlanan ikinci turda rusiyalı pəhləvanlar macar həmkarlarına heç bir şans verməyiblər - 7:0. Milli komandamız isə Ermənistanla görüşdə məğlubiyyət acısı dadıb. Hərçənd, bədnam qonşularımızla prinsipial qarşılaşam bizim üçün yaxşı başlayıb. Əvvəlcə, 55 kq çəki dərəcəsində Pekin Olimpiadasının gümüş mükafatçısı Rövşən Bayramov güləşib. 21 yaşlı idmançımız hər iki hissədə erməni rəqibinə 6:0 hesabı ilə qalib gəlib.

60 kq çəkidə də güləşçimiz qələbə qazanıb. Lakin Ermənistan yığması tədricən təşəbbüsə yiyələnib və 66 kq çəki dərəcəsində qalib gələrək, fərqi minimuma endirib. Hər halda, 74 kq çəkidə də qələbə bizim olub - 3:1. Çox təəssüf ki, milli komandamız bu üstünlüyü sonadək qoruya bilməyib. 84, 96 və 120 kq çəki dərəcələrində məğlubiyyətlə üzləşən yığmamız ümumi nəticədə də uduzub (3:4).

Azərbaycan - Macarıstan görüşündə də eyni ssenari təkrarlanıb. Milli komandamız 3:1 hesabı ilə öndə olduğu halda, sonda məğlubiyyətlə barışıb. Özü də Erəmənistanla qarşılaşmada olduğu kimi, eyni çəki dərəcələrində eyni nəticələr qeydə alınıb. Rusiya isə Ermənistana 5:2 hesabı ilə qalib gəlib.

Qrupda sonuncu sırada qalan milli komandamız bu gün 7-ci yer uğrunda B qrupunun axırıncısı Çinlə qüvvəsini sınayıb. Amma yenə məğlubiyyətlə üzləşmişik - 2:5. Beləliklə, yığmamız Dünya Kubokunda 8 kollektiv arasında 8-ci olub.
0