Avarçəkənlərimiz hər gün Kür çayında qayıqla 40 km məsafə qət edirlər
24.02.2009 - 15:26
Avarçəkənlərimiz hər gün Kür çayında qayıqla 40 km məsafə qət edirlər
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində müntəzəm məşqləri davam etdirir. Apasport.az saytının məlumatına görə, yığmamızın almaniyalı baş məşqçisi Rüdiger Hauffe və onun köməkçiləri Samir Məmmədovla Aleksandr Barabanov avarçəkənlərin hazırlıq səviyyələrinin yüksəldilməsi istiqamətində birgə fəaliyyətlərini davam etdirirlər.

Barabanov yaşı 18-dək, Məmmədov isə yaşı 23-dək olan idmançılarımızla məşğul olur. Hauffe də öz növbəsində onların arasından 5 ən perspektivlisini seçərək, əsas komandaya cəlb edib. Belə ki, Cavid Əfəndiyev, Toğrul Qurbanzadə və Aleksandr Jdanov 1 nəfərlik qayıqlarda çıxış üçün müəyyənləşdiriliblər. Əfəndiyev və Jdanovun 19, Qurbanzadənin 22 yaşı var. Timur Kutseba – Aleksandr Qlotov dueti isə 2 nəfərlik təkavarlı qayıqlar üzrə ixtisaslaşıblar. Həm Kutseba, həm də Qlotovun cəmi 17 yaşı olmasına baxmayaraq, aparıcı avarçəkənlərimiz sırasına daxil olmağı bacarıblar.

Samir Məmmədovun rəhbərlik etdiyi 23 yaşadək yığmamızda Aqşin Məmmədov, Fuad Mirzəyev və Kamran Yusubov 1 nəfərlik, Turqay Məmmədov – Mirzə Eyvazov dueti 2 nəfərlik qoşa avarlı qayıqlar üçün müəyyənləşdiriliblər.

Gənclərdən ibarət və əsas komanda üçün layiqli ehtiyat qüvvə Aleksandr Barabanovun rəhbərliyi altında yetişməkdədir. 18 yaşadək avarçəkənlərimizin yer aldığı millidə Telman Həbibli – Əbdürəşid Mustafin, Nicat Mehdiyev – Aleksandr Jukov, Sərxan Hüseynov – Kərim Əsgərov cütlükləri 2 nəfərlik qoşa avarlı, Zaur Əhmədov – Kamran Talıbov dueti 2 nəfərlik təkavarlı qoşa avarlı qayıqlarda qüvvələrini sınayırlar.

Yüksək antropometrik göstəricilərə - ucaboya, dözümlülüyə və yüksək fiziki hazırlığa malik avarçəkənlərimiz qışın ən soyuq ayı sayılan fevralda Kür çayında qayıqla gündəlik 35-40 km məsafə qət etməkdən çəkinmirlər. Üstəlik, onlar həftədə 3 dəfə trenajor zalında fiziki hazırlıq səviyyələrinin artırılmasına xidmət edən hərəkətləri yerinə yetirirlər.
İdmançılarımız hələlik fiziki hazırlığa önəm verirlər.

Bir qrup avarçəkənimiz yanvarın 5-dən 25-dək Almaniyanın Braytenburnn şəhərində təlim-məşq toplantısında olub. Onlar qarlı hava şəraitində hazırlıq prosesi keçiblər. Məqsəd idmançılarımızın dözümlülüyünü və fiziki hazırlıqlarını artırmaqdan ibarət olub. Bu toplanış həm də avarçəkənlərimizin mənəvi-psixoloji cəhətdən daha inamlı olmalarına şərait yaradıb. Bir sözlə, idmançılarımız Almaniyadakı təlim-məşq toplantısından xeyli razı qayıdıblar.
0