“Yığmaya kimi çağırmağı hamıdan yaxşı məşqçilər korpusu bilir” - MÜSAHİBƏ
03.03.2009 - 18:32
“Yığmaya kimi çağırmağı hamıdan yaxşı məşqçilər korpusu bilir” - MÜSAHİBƏ
“Simurq” klubunun hücumçusu Elşən Məmmədovun müsahibəsi

- Son oyunda iki top vurmaqla, bu mövsüm qollarının sayını 6-ya çatdırdıniz və “Simurq”un ən yaxşı bombardirinə çevrildiniz.
- Bacardığım qədər çalışıram komandaya kömək edim. Bu nə qədər yaxşı alınır, deyə bilmirəm. Sözsüz ki, istərdim daha çox qol vurum. Məhsuldar ötürmə verməyin də əleyhinə deyiləm. Bir şərtlə ki, “Simurq” qələbə qazansın.

- Buna qədər karyeranda çıxış etdiyiniz klubun ən məhsuldar futbolçusu olmaq halına rast gəlinib?
- Olub. 2004/05 mövsümündə “İnter”in heyətində çempionatda 10, ölkə kubokunda isə 6 dəfə fərqlənmişdim.

- “Simurq”un yüksək yerlər uğrunda mübarizədə əsas rəqiblərindən biri məhz elə “İnter”dir. Çıxış etdiyiniz vaxtlarla müqayisədə bu komandada xeyli dəyişiklik olsa da, hər halda, sizə tanışdır. Ölkə çempionu ilə nə dərəcədə uğurlu mübarizə aparmaq olar?
- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Burada artıq rəqibin adı, titulu ciddi əhəmiyyət daşımır. Düzdür, ikinci dövrədə elə həmin “İnter”, “Bakı”, “Olimpik”, “Xəzər-Lənkəran”la çətin oyunlarımız var. Amma bizi heç nə qorxutmur. Həmişə olduğu kimi, bu oyunlarda da 3 xal qazanmaq istəyirik. Yekun məqsədimiz də hamıya bəllidir – avrokuboklara qatılmaq.

- Əsas rəqiblərimizdən olan “İnter”lə “Bakı” arasında sonuncu oyunu izləyə bildinizmi?
- Yalnız ikinci hissəyə baxa bildim.

- Hansı komanda ilə sizə daha çətin olacaq?
- Hər ikisi ilə. Həm “İnter”, həm də “Bakı” yaxşı oyun sərgilədi və oyunun taleyini yalnız bir zərbə həll etdi. Haradasa heç-heçəlik oyun idi.

- “Simurq”a da məhz bu nəticə daha çox sərf edirdi.
- Həqiqətən, belədir (gülür). Amma deməzdim ki, bu, bizim üçün ciddi əhəmiyyət daşıyır. Bizi yalnız öz matçlarımız maraqlandırır.

- “Neftçi” ilə oyuna bir neçə gün qalıb. Əlbəttə, rəqib tarixinin ən çətin vaxtlarından birini yaşayır. Amma azarkeşlər üçün bu ciddi əhəmiyyət daşımır və onlar üçün daha çox “Neftçi”nin ad-sanı rol oynayır. Yəqin ki, yeganə məqsəd 3 xaldır...
- Bu oyun barədə komanda daxilində çox söhbətlər gedib. Ev oyunlarında xal itkisinə yol vermək olmaz. O ki qaldı rəqibin durumuna, mən deməzdim ki, “Neftçi” zəif komandadır. Hər kollektiv qələbə qazanmaq istəyir və 90 dəqiqə ərzində istənilən nəticə qeydə alına bilər. Bu oyuna ciddi hazırlaşırıq.

- Çoxdandır yığma komandaya cəlb edilmirsən. MOİK-lə oyunu Berti Foqts da canlı izlədi və yəqin ki, oyununu bəyəndi. Yığma perspektivlərin barədə nə deyə bilərsən?
- Şahin Diniyev baş məşqçi olduğu dövrlərdə milliyə çağırılırdım və hər oyunda bacardığım qədər komandaya kömək etməyə çalışırdım. Rəsmi matçlarda forma geyməsəm də, yoldaşlıq oyunlarında meydana çıxmağım xoş xatirə kimi yaddaşımda qalıb.

- İndi özünü milliyə lazımlı hesab edirsənmi?
- Yığmaya hansı futbolçunun lazım olub-olmadığını hamıdan yaxşı məşqçilər korpusu bilir.

- Yığmada üç komanda yoldaşın var. Onlara nə sözün var?
- Hər üçünə uğurlar arzulayıram. İnanıram ki, öz oyunları ilə milliyə kömək etməklə yanaşı, “Simurq”un da adını ucaldacaqlar.

Mənbə: simurqpfk.com
0