AFFA “Neftçi”ni də cəzalandırdı
10.03.2009 - 14:12
AFFA “Neftçi”ni də cəzalandırdı
AFFA-nın Nizam-İntizam Komitəsinin növbəti yığıncağı keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komitə üzvləri Premyer Liqanın XVII, birinci divizionun XVIII turunda baş verən xoşagəlməz hadisələrə uyğun qərarlar çıxarıb. Bu qərarlar klubların 9320 manat cərimə olunmasına səbəb olub.

Premyer Liqada ilk qələbəsini qazanan “Turan”ın bu uğuru 2000 manata baş gələcək. Belə ki, MOİK-lə matçın 66-cı dəqiqəsində meydançaya plastik qabın atılması meydan sahiblərinin cərimələnməsinə səbəb olub.

"Qəbələ" - "İnter" matçında meydan sahiblərinin 5, "Bakı" - "Qarabağ" qarşılaşmasında isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublarını 1000 manat ziyana salıblar. Paytaxtdakı matçın 89-cu dəqiqəsində Bakı təmsilçisinin futbolçusu Stanislav Bacevin əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulması da cəzasız qalmayıb. Müdafiəçi 1 oyunluq kənarlaşdırılıbsa, klub 200 manat cərimə olunub.

“Simurq” – “Neftçi” görüşündə meydan sahiblərinin 7, qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün hər komanda 1000 manat ödəməli olacaq. Matçda bir neçə dəfə meydançaya tamaşaçılar tərəfindən kənar əşyaların atıldığı üçün də zaqatalalılar cəzalanıb. Azarkeşləri komandanı 2000 manat ziyana salıb.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında keçirilən "Turan" - MOİK matçında tovuzluların 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 500 manat ödəyəcək.

I divizionunun "Göyəzən" - "Qafqaz Universiteti" matçında qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 100 manat cərimə olunub.

“Anşad-Petrol” – “Spartak” oyununun video yazısını təmin etmədiyi üçün meydan sahibləri eyni cəzaya məruz qalıb.

"Energetik" – ABN qarşılaşmasında bərdəliləri azlıqda qoyan Rahib Nəcəfov ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırılıb, klubun isə 20 (iyirmi) manat cərimə olunub.

Matçdan sonra "Energetik" klubunun baş məşqçisi Sahib Qocayev hakimi təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılıb və klubunu 400 manat ziyana salıb.
0