Yığmamızın baş məşqçisi: Fiziki hazırlıq üçün Almaniyada xizək sürdük - MÜSAHİBƏ
12.03.2009 - 11:27
Yığmamızın baş məşqçisi: Fiziki hazırlıq üçün Almaniyada xizək sürdük - MÜSAHİBƏ
2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra Azərbaycanın akademik avarçəkmə üzrə milli komandasının baş məşqçisi postuna Rudiger Hauffe təyin olunub. Almaniyalı çalışdırıcıya məşqçilər Samir Məmmədov və Aleksandr Barabanov yardım göstərirlər. Hauffe Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi İnternet saytına müsahibə verib. Apasport.az saytı müsahibəni olduğu kimi təqdim edir.

- Ötən il İran milli komandasının baş məşqçisi kimi Mingəçevirə gəlmişdiniz. Bəs necə oldu ki, Azərbaycan yığmasında eyni işi yerinə yetirməyə razılıq verdiniz?
- 2008-ci il martın sonlarında Mingəçevirdə keçirilmiş Beynəlxalq “Prezident Kuboku” reqatası ilə əlaqədar ilk dəfə burada olarkən, Azərbaycanın yeni yaradılan yığma komandasını görmüşdüm. Onların həqiqətən də işləmək istədiyini və akademik qayıqlarda bacarıqla avar çəkdiklərini duymuşdum. Sonradan mən İnternet, televiziya və qəzetlər vasitəsilə Azərbaycan Milli Avarçəkmə Federasiyasında müşahidə olunan yeniliklərlə maraqlandım. 2008-ci il 22-27 iyulda Avstriyanın Lints şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatı zamanı federasiyanızın rəsmiləri ilə görüşdüm. Mənim Azərbaycan milli komandasına rəhbərlik etməyimin nə dərəcədə mümkünlüyünü müzakirə etdik. Dedim ki, gələcəkdə nə isə əldə etmək istəyirsinizsə, sizinlə işləməyə hazıram. Beləliklə, anlaşdıq və işləməyə başladıq.

- İşləriniz necə gedir?
- Buraya gəldikdən sonra fəaliyyətimin ilk aylarında Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovun işləməyə hazır olduğunu gördüm. Federasiyanın digər əməkdaşları da Azərbaycanda avarçəkmənin inkişafı istiqamətində səylə çalışırlar. Akademik avarçəkmə ilə həvəslə məşğul olmaq istəyən idmançıların mövcudluğu da diqqətimdən yayınmadı. Əlbəttə, onlar perspektivli idmançılardır. Lakin həmin avarçəkənlərin tezliklə ciddi uğurlara nail olacaqlarını söyləmək çətindir. Bu, bir neçə il vaxt aparacaq.

- Azərbaycanda avarçəkmənin inkişafı üçün hansı işlər görülməlidir?
- İlk növbədə, insanda avarçəkməyə daxilən maraq olmalıdır. Televiziyada, qəzetlərdə, İnternet saytlarında bu idman növü barədə danışmalıyıq. Bütün azyaşlı uşaqlar, onların valideynləri bilməlidirlər ki, Azərbaycanda, xüsusən, onun Mingəçevir kimi balaca bir şəhərində avarçəkmə növü inkişaf etdirilir. Məhz belə olan halda yeni nəsil arasında avarçəkməyə maraq yarada bilərik. Hazırda Mingəçevir şəhərində “Kür” Olimpiya İdman Mərkəzi tikilir. Belə davam etsə, gələcəkdə hər şey yaxşı olacaq. Gənc və perspektivli idmançıları tapıb, üzə çıxara biləcəyik.

- Hazırkı əsas fəaliyyət istiqamətiniz nədən ibarətdir?
- 2010-cu ildə Sinqapurda yeniyetmələr arasında I Yay Olimpiya Oyunları keçiriləcək. Olimpiadaya hazırlıq məqsədilə bir neçə perspektivli idmançı üzərində işləyirik. Onların nə isə əldə edə biləcəklərini düşünürük. “Kür” Olimpiya İdman Mərkəzi hazır olduqdan sonra baza daxilində internat-məktəb olacaq ki, bu da işimizi sürətləndirəcək. Nəticədə uğurlara daha tez nail ola biləcəyik. Bura nəinki gənc oğlanları, hətta qızları cəlb etməliyik. Bunun sayəsində nəticələrimizi yaxşılaşdırmağımız mümkündür.

- Hazırda bir neçə qız avarçəkənimiz var. Onların hazırlıq səviyyəsi Sizi qane edirmi?
- Qız avarçəkənlərin sayı kifayət qədər deyil. Ümumiyyətlə, nəinki Bakı və Mingəçevir şəhərlərində, bütün ölkədə yüksək antropometrik göstəricilərə malik qız və oğlanları tapıb, üzə çıxarmalıyıq. Bunun üçün məktəbləri dolaşaraq, oğlanlardan ən azı 1,80 metr, qızlardan isə minimum 1,70 metrlik boya malik şəxsləri tapıb, bu növə cəlb etməliyik. Məhz bu zaman gələcəyimiz barədə daha inamla danışa bilərik.

- Bəs bu istiqamətdə hansı işləri görürsünüz?
- Əlbəttə, bu, bizim işimizin tərkib hissəsidir. Hələ Almaniyada müxtəlif klublarda məşqçi kimi çalışdığım vaxt bütün məktəblərlə sıx əlaqələrimiz vardı. Mərakeş və İran milli komandalarında da şəhərbəşəhər gəzərək, gənc və perspektivli avarçəkənləri tapıb üzə çıxarırdıq. Bu idman növünün əhəmiyyətini uşaqlara izah etmək üçün məşqçilərin üzərinə böyük iş düşür. Düzdür, hazırda Azərbaycanda məktəbləri dolaşaraq, perspektivli uşaqları avarçəkməyə cəlb etmək üçün kifayət qədər vaxtım yoxdur. Çünki hansı avarçəkənlərlə işləyəcəyim müəyyənləşib. Digər tərəfdən, perspektivli uşaqları cəlb etmək üçün burada avarçəkmə mərkəzi açılmalı, onların dərs keçməsi, qalması və qidalanması üçün internat-məktəb olmalıdır. Bunun üçün də “Kür” Olimpiya Mərkəzinin istifadəyə verilməsini gözləməliyik.

- Almaniyada avarçəkmə növləri kifayət qədər yüksək səviyyədə inkişaf edib. Çoxlu avarçəkmə klubları fəaliyyət göstərir. Azərbaycanda da eyni təcrübədən yararlanmaq nə dərəcədə mümkündür?
- Almaniyada avarçəkən milli komandaya cəlb olunanadək bütün xərcləri özü çəkir. Yığmaya düşdükdən sonra isə həmin vəsaiti ödəməyi yerli federasiya öz öhdəliyinə götürür. Eyni sistemi Azərbaycanda da yaratmaq üçün əlverişli coğrafi mühitə malik yerlər - çaylar, göllər, suyun bol olduğu məkanlar axtarmaq lazımdır. Sonra həmin ərazilərdə avarçəkmə klubları yaradılmalıdır. Yəni işlər kiçikdən böyüyünə doğru aparılmalıdır. Bunlara nail olunsa, avarçəkmə növlərinin hərtərəfli inkişafı mümkündür.

- Yanvarda yığmamızla birgə Almaniyanın Braytenburnn şəhərində təlim-məşq toplantısında oldunuz. Hazırlıq prosesi necə keçdi?
- Ümumilikdə, toplanış yaxşı keçdi. Bu hazırlıq prosesi fiziki keyfiyyətlərimizi yüksəltmək məqsədilə təşkil olunmuşdu. Biz Braytenburnn şəhərində xizəklərlə işlədik. Bu zaman avarçəkmədə olduğu kimi, eyni əzələləri işə saldıq. Hazırlıq prosesi idmançıların dözümlülüyünün artırılmasına, gücünün daha da çoxalmasına xidmət edirdi. Bütün bu vərdişlər qayıqla avar çəkərkən köməyə gələcək. Digər tərəfdən, özümün və digər məşqçilərin təcrübələrinə əsasən deyə bilərəm ki, hərdən sevimli idman növündən müəyyən qədər uzaqlaşaraq, başqası ilə məşğul olmaq lazımdır. Bu, şəxsi göstəricilərin yüksəlməsinə xidmət edə bilər. Nəhayət, Almaniyadakı təlim-məşq toplantısının avarçəkənlərimizin böyük təcrübə toplamasına yardımçı olacağını düşünürəm. Çünki hazırlıq prosesində digər komandalar da iştirak edirdilər.

- Yaxın planlarınız haqda məlumat verərdiniz.
- Martın 23-də Mingəçevir şəhərində start götürəcək beynəlxalq “Prezident Kuboku” reqatasına qatılacağıq. Yarışda akademik avarçəkənlərimizin göstərəcəkləri nəticələrə əsasən, yeni komanda formalaşdıracaq və sonrakı beynəlxalq turnirlərə hazırlaşacağıq. Apreldə komandamız Rusiyanın Rostov şəhərində keçiriləcək “Don” reqatasında iştirak edəcək. Bu reqata da imkanlarımıza baxış üçün daha bir turnir olacaq. Mayda böyüklər, sentyabrda isə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək. Yeniyetmələrimiz 2010-cu il Sinqapur Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına qatılacaqlar. Hazırda dünya çempionatında layiqli çıxış etməyə qadir 2 nəfərlik təkavarlı qayıqlar üçün avarçəkənlər hazırlayırıq. Sinqapur Olimpiadasına lisenziya qazanmaq üçün ən azı 5-ci yeri tutmalıyıq. Eyni zamanda, gənclər və böyüklər arasında Avropa və dünya çempionatları, Dünya Kubokunun mərhələ yarışları və digər nüfuzlu yarışlarda qüvvəmizi sınayacağıq.

- Azərbaycanda daha bir almaniyalı məşqçi çalışır. Futbol üzrə milli komandamıza rəhbərlik edən Berti Foqtsla tanışsınız?
- Futbol yığmanıza almaniyalı məşqçinin rəhbərlik etdiyini eşitmişəm. Lakin indiyədək Berti Foqtsla görüşməmişik, söhbətimiz olmayıb. Bununla belə, ümidvaram ki, Foqtsla görüşmək üçün münasib an yetişəcək.

- Ölkəmizdə gördüyünüz yerlər Sizdə hansı təəssürat yaratdı?
- Bakı inkişaf səviyyəsinə görə, Avropanın digər şəhərlərindən heç də geridə qalmır. Hər yerdə quruculuq, tikinti işləri aparılır. Bir sözlə, gözəl şəhərdir. Bu baxımdan, Mingəçevir bir qədər geridə qalır. Lakin mən buraya, sadəcə, işləməyə gəlmişəm. “Kür” Olimpiya İdman Mərkəzi istifadəyə verildikdən sonra Mingəçevir tədricən inkişaf etməyə başlayacaq.
0