Güləşçimizə qızıl bazubənd hədiyyə etdilər
15.03.2009 - 22:11
Güləşçimizə qızıl bazubənd hədiyyə etdilər
Bu gün Bakı İdman Sarayında milli idman növlərini özündə birləşdirən zorxana və pəhlivani güləş (milli güləş) üzrə ilk Dünya Kuboku turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan idmançıları ilə yanaşı, Almaniya, Latviya, İraq, Əfqanıstan və Nepaldan 100-ə yaxın iştirakçı qatılıb.

Mərasimdə çıxış edən Beynəlxalq Zorxana İdmanı Federasiyasının prezidenti, iranlı Möhsün Mehrəlizadə yarışın Bakıda keçirilməsini yüksək dəyərləndirib. O, bildirib ki, müxtəlif beynəlxalq turnirlərin, Avropa və dünya çempionatlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasını nəzərə alaraq, Dünya Kuboku uğrunda ilk turnirin də Bakıda keçirilməsi qərara alınıb.

Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov belə mötəbər turnirin Bakıda keçirilməsini ölkəmizin son illər idman sahəsində əldə etdiyi uğurların nəticəsi olduğunu vurğulayıb.

Mehrəlizadə təmsil etdiyi qurumun xüsusi hədiyyəsini prezident İlham Əliyevə təqdim etmək üçün İsmayıl İsmayılova verib.

Daha sonra milli güləş üzrə dünya çempionu, 2008-ci ilin ən yaxşı pəhləvanı Vüqar Qurbanova qədim adət - ənənələrə uyğun olaraq qızıl bazubənd hədiyyə edilib.

Yarışın ilk günü zorxana elementləri olan çərxi çəməni, çərxi surət, səng, kəbbadə, milli səgin, milbazi və digər növlər üzrə yarışlar keçirilib. Sabah milli güləş üzrə yarışlardan sonra turnirə yekun vurulacaq.

Mənbə: AzərTac
0