“Karvan” tarixinin antirekordunu təkrarladı
16.03.2009 - 12:45
“Karvan” tarixinin antirekordunu təkrarladı
Yevlaxın “Karvan” klubu tarixinin ən uğursuz seriyasını təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, Azərbaycan Premyer Liqasının XVIII turunda öz meydanında “Bakı”ya 0:1 hesabı ilə uduzan Yunis Hüseynovun yetirmələri antirekordun təkrarını rəsmiləşdirib.

Belə ki, ikinci dövrənin ilk oyununda “Xəzər-Lənkəran”la səfərdə əldə olunan bir xal (0:0) “Karvan”ın son qazancı olub. Həmin qarşılaşmadan sonra “Bakılı” (1:2), “Olimpik” (0:1) və “Standard”a (0:2) yenilən Yevlax təmsilçisi “Bakı” ilə görüşdə seriyasını 4-ə çatdırıb.

Bu isə klubun 2007-ci ildə imza atdığı Premyer Liqa tarixindəki antirekordunun təkrarıdır. Yevlaxlılar 2006/07 mövsümünün son üç qarşılaşmasında “Gənclərbirliyi” (0:1), “MKT-Araz” (0:1), “Bakı”ya (1:2), 2007/08 mövsümünün ilk matçında isə “Xəzər-Lənkəran”a (0:1) uduzmuşdular. Bundan başqa, çempionatlar ərzində üç dəfə üç oyunluq məğlubiyyət seriyasına üzülən “Karvan” antirekordu yeniləməmək üçün martın 22-də Qəbələdən xalla dönməlidir.

Bir antirekordunu təkrarlayan “Karvan” daha bir uğursuz seriyasını davam etdirib. Sonuncu dəfə ötən il noyabrın 15-də “Neftçi”yə minimal hesabla qalib gələn Hüseynovun komandası artıq 7 matçdır qələbəyə həsrətdir. Birinci dövrənin son iki oyununda “İnter”ə 1:2, “Qarabağ”a 2:3 hesabı ilə uduzan yevlaxlılar ikinci dövrədəki Lənkəran səfərində qazandığı heç-heçənin ardından da məğlubiyyətləri sıralayıb. “Karvan”ın tarixində ən pis nəticə isə ötən mövsüm qeydə alınıb. 2007/08 mövsümünün ikinci dövrəsinin son 9 oyununda qələbəyə həsrət qalmışdı.
0