“Təkcə mən yox, Azərbaycan güləşi uduzdu”
19.03.2009 - 13:39
“Təkcə mən yox, Azərbaycan güləşi uduzdu”
“Fransada keçirilən Dünya Kubokunda təkcə mən yox, Azərbaycan güləşi uduzdu. Mənim yerimə kim olsaydı, yığmamız yenə uğursuz çıxış edəcəkdi”. Bu sözləri apasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə milli komandamızın sabiq baş məşqçisi Bəhram Mürvətov deyib.

Dünya Kubokundakı zəif nəticəyə görə martın 17-də baş məşqçi vəzifəsindən uzaqlaşdırılan Mürvətov problemin yuxarı çəkilərlə bağlı olduğunu bildirib: “Hamı bilir ki, hazırda yuxarı çəkilərdə yaxşı pəhləvanlarımız yoxdur. Əgər Dünya Kuboku fərdi proqram üzrə keçirilsəydi, ən azı 3 medal qazanardıq. Çünki aşağı çəkilərdə güləşçilərimiz rəqiblərinə qalib gəldilər. İndi yığmamızın heyətində yuxarı çəkilərdə 18, 19 yaşlı gənc və perspektivli pəhləvanlar yer alıblar. Onlar yalnız 2-3 ildən sonra komanda yarışlarında uğur əldə edə bilərlər”.

Sabiq baş məşqçi bildirib ki, Dünya Kubokunda Ermənistana məğlubiyyəti (3:4) qabartmaq düzgün deyil: “Eşitmişəm ki, burada əksəriyyət ermənilərə uduzmağımızdan narazılıq edib. Ancaq unutmaq lazım deyil ki, idmanda belə hallar olur. Bu gün Ermənistana uduzarıq, sabah qalib gələrik. Bir də ki, məgər 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında 120 kq çəkidə Ermənistan təmsilçisinə uduzan bizim idmançımız deyildi!?”

Mürvətov ötən ilin noyabrında təyin olunduğu baş məşqçi vəzifəsindən kənarlaşdırılmasını da normal qarşılayıb: “Təyyarədən düşən kimi, federasiyasının İcraiyyə Komitəsinin iclasına yollandım. Orada mənə bu qərarı çatdırdılar. Baş məşqçi vəzifəsindən çıxarılmışamsa, deməli, belə məsləhətdir. Mən federasiyanın əsgəriyəm, bu qurumun rəhbərliyinə tabeyəm”.

Qeyd edək ki, yığmanın baş məşqçisi səlahiyyətləri qeyri-müəyyən müddətə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərova tapşırılıb. Mürvətov isə milli komandada yenə məşqçi funksiyasını yerinə yetirəcək.
0