Əli İsayev: Taleyin bu hədiyyəsindən sonra...
02.04.2009 - 13:50
Əli İsayev: Taleyin bu hədiyyəsindən sonra...
“Son illər mən dünya və Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinin astanasında qalırdım, bürünc medalla kifayətlənirdim. Lakin inanırdım ki, inadla mübarizə aparsam və düzgün yol tutsam məqsədimə çatacağam. Nəhayət, uzunmüddətli həsrətim başa çatdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Əli İsayev deyib.

İsayev Litvada keçirilən Avropa çempionatında 120 kq çəki dərəcəsində qızıl medala yiyələnib. Finaldan sonra Əli Rusiya Güləş Federasiyasının rəsmi saytına açıqlama verib. Pəhləvanımız finalda Ermənistanı təmsil edən Ruslan Basiyevə qalib gəldiyi üçün rusların maraq dairəsinə düşüb. İsayev həlledici görüşdəki qələbə barədə təəssüratlarını bölüşüb: “Basiyevlə görüşüm çox çətin oldu. Çünki birinci hissədə uduzduğumdan əsəbiləşmişdim. İkinci hissədə iş püşkatmaya gəlib çıxdı və hər şey rəqibin xeyrinə oldu. Həmin an nə düşündüyüm belə, yadımda deyil. Basiyev öz üstünlüyündən fənd tətbiq etməklə yararlanmaq istəyirdi, lakin mən əks fənd işlətdim və ikinci hissədə qalib gəldim. Taleyin bu hədiyyəsindən sonra üçüncü hissədə uduzmağım qeyri-mümkün idi”.

Maraqlıdır ki, Əli İsayevlə Ruslan Basiyev vaxtilə Rusiya milli komandasına namizəd olublar: “Mən dağıstanlıyam, Ruslan isə osetin. Bir neçə il öncə ikimizin də adımız Rusiya yığmasının ilkin heyətinə düşmüşdü. İndi isə mən Azərbaycanı, Basiyev isə Ermənistanı təmsil edirik. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsindən xəbərdaram. Buna görə də döşək üzərinə çıxarkən, qələbənin təmsilçisi olduğum ölkə üçün necə əhəmiyyət kəsb etdiyini anlayırdım”.
0