Namiq Cəmilov Avropa çempionatında 4-cü yeri tutdu
09.04.2009 - 09:50
Namiq Cəmilov Avropa çempionatında 4-cü yeri tutdu
Azərbaycan ağırlıqqaldıranı Namiq Cəmilov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Avropa çempionatında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz medal qazanmağa çox yaxın olub. O, birdən qaldırmada 151 kq, təkanla isə 186 kq-ın öhdəsindən gəlib. Yekun sıralamada Cəmilov 337 kq qaldırmaqla, 4-cü yeri tutub. Onun mükafatçılar sırasına düşməsi üçün 4 kq-ı çatmayıb.

Bu gün İntiqam Zairov (85 kq), sabah isə son iki idmançımız Rövşən Fətullayevla Əlibəy Səmədov (hər ikisi 94 kq) mübarizə aparacaq.

Xatırladaq ki, qitə birinciliyində 7 atletlə çıxış edən yığmamızın hesabında artıq bir medal var. Belə ki, Zülfüqar Süleymanov (62 kq) gümüş medala layiq görülüb. Baş məşqçi Vahid Nəzərovun digər yetirmələri Əfqan Bayramov və Sərdar Həsənov (hər ikisi 69 kq) isə, müvafiq olaraq, 4-cü və 8-ci sırada qərarlaşıblar.
0