“Bakı”dan “Olimpik”ə növbəti mesaj
10.04.2009 - 15:08
“Bakı”dan “Olimpik”ə növbəti mesaj
“Bakı” klubu “Olimpik”in tələbləri ilə bağlı rəsmi açıqlama verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Bakı” “Olimpik" rəhbərliyinin vəziyyəti analiz edərək ədalət prinsiplərinin pozulması, futbolçularının Azərbaycan idmanı adına gətirdiyi ləkənin silinməsi səbəbi ilə oyunun yenidən keçirilməsinə razılığını verməsini sevindirici hal sayır. Bakılılar irəli sürülən şərtlərin hər bir ilə bağlı öz mövqeyini açıqlamağı lazım bilib: “1-ci şərtə görə, "Olimpik" son oyunla bərabər, birinci dövrədə keçirilən və "Bakı"nın qələbəsi ilə başa çatan (3:1) görüşün nəticəsinin ləğv edilməsini və yenidən keçirilməsini tələb edir. "Bakı" ilk dövrədə əldə olunan qələbənin təmiz idman şəraitində qazanıldığını, oyunun nəticəsinin hakim səhvləri səbəbi ilə ləğv olunmasını mümkünsüz və absurd tələb hesab edir. Bununla belə, "Oilimpik"in xoş məramını nəzər alaraq, bu şərtlə razı olduğunu bildirir. 2-ci şərt hər iki oyunun azarkeşlərsiz keçirilməsidir. "Bakı" bu şərti məqbul hesab edir və AFFA-nın bu oyunla bağlı qəbul edəcəyi istənilən (məkan, zaman, hakimlik və s.) qərarla razılaşacağını bildirir. 3-cü şərt oyunları idarə etməyə xaricdən hakimlərin dəvət olunması ilə bağlıdır. "Bakı" "Olimpik"in bu şərtini də qəbul edir və AFFA-nın bütün mümkün qərarları ilə razı olduğunu bildirir. 4-cü şərt isə “Olimpik”in oyunlar zamanı təhlükəsizliyə təminat verməməyidir. "Bakı" AFFA-nın qərarı ilə keçiriləcək oyunlarda təhlükəsizliyi təmin etməyə hazırdır və bu barədə müvafiq yazılı zəmanət verir. Beləliklə, "Bakı" "Olimpik"in irəli sürdüyü bütün şərtləri qəbul edir və əldə olunan razılıq əsasında AFFA və PFL rəhbərliyinə birgə müraciət imzalanmasına çağırır”.
Qeyd edək ki, hər iki klubun bu şərtlər əsasında oynamağa hazır olduğunu bildirən rəsmi sənəd AFFA-ya ünvanlanmalıdır. "Bakı" birgə sənədin imzalanması üçün "Olimpik"in səlahiyyətli şəxsinin iştirakını gözləyir.
0