Azərbaycanda neçə nəfər futbolla məşğul olur?
11.04.2009 - 12:19
Azərbaycanda neçə nəfər futbolla məşğul olur?
Azərbaycanın əhalisinin cəmi 0,22 faizi futbolla məşğul olur. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu haqda Türkiyə Futbol Federasiyasının rəsmi yayım orqanı olan “Tam Saha” jurnalı yazıb.

Dərgidə bildirilir ki, ölkəmiz bu göstərici ilə UEFA-ya üzv olan 53 ölkə arasında 50-ci pillədə qərarlaşıb. Azərbaycan Avropa ölkələrindən yalnız Ermənistan (0,21 faiz) və Qazaxıstanı (0,15 faiz) qabaqlayır. 2 il öncə UEFA-ya üzv qəbul olunan Çernoqoriyanın göstəriciləri siyahıya daxil edilməyib.

Siyahıya Almaniya başçılıq edir. Bu ölkədə əhalinin 7.65 faizi futbolla məşğul olur. Hollandiya (7.2 faiz) ikinci, İngiltərə (4.03 faiz) üçüncü, Fransa (3.06 faiz) dördüncü, İtaliya (2.62 faiz) beşinci, İspaniya ( 1.61 faiz) altıncı pillədə qərarlaşıb. Türkiyə isə 0,7 faizlik göstərici ilə 47-ci pillədədir.

Qeyd edək ki, Azərbaycanda əhalinin yeni siyahıyaalma prosesi aprelin 13-dən 22-dək keçiriləcək. Amma əvvəlki məlumatlara görə, ölkəmizdə 8,5 milyondan çox sakin var. Bu isə o deməkdir ki, Azərbaycanda peşəkar və ya həvəskar səviyyədə futbolla məşğul olanların sayı təqribən 18700 nəfərdir.
0