Azad Əsgərov: O, elə bilirdi ki, məni tutublar
16.04.2009 - 17:38
Azad Əsgərov: O, elə bilirdi ki, məni tutublar
Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərovun apasport.az saytına müsahibəsi

- Azərbaycanın qaydasız döyüşçüsü Azad Məmmədov həbs olunub. Siz federasiya prezidenti olduğunuz üçün bilmək istəyirdik ki, onu tanıyırdınızmı?
- Azad Məmmədovu bir dəfə mənə 100 metrlikdən göstəriblər ki, belə bir oğlan var. Həmin vaxt o, mənə heç nəzər də yetirməyib. Bir dəfə də onu televizorda görmüşəm.

- Onun həbs olunmasını haradan eşitdiniz?
- Bununla bağlı məni Gənclər və İdman Nazirliyinə çağırmışdılar. Soruşdular ki, bəs sizdə belə bir adam olmalıdır. Dedilər ki, sənin adından çox istifadə olunur. Çünki həbs olunanın da adı Azaddır. Baxdılar ki, mən bu işlərdən uzağam. Sadəcə, adlarımız üst-üstə düşür. Azad Məmmədovun kimliyini, nə ilə məşğul olduğunu soruşdular. Mən də cavabımda onu tanımadığını söylədim. Əvvəllər də mənə Məmmədovla bağlı tez-tez sual verirdilər. Belə bir idmançını tanıyıb-tanımadığını bilmək istəyirdilər. Mən də onu tanımırsa, necə yalandan deyim ki, yox, tanıyıram. Onu tanımadığım halda, əbəs yerə tərifləyə və ya pisləyə bilmərəm ki! Məndən çox bu idman növü ilə məşğul olan yoxdur. Dünyanın bir sıra ölkələrində keçirilən pankration yarışlarında iştirak etmişəm. Mən onu belə turnirlərdə görməmişəm.

- Məmmədovun nəyə görə tutulması ilə maraqlanmısınız?
- Məndən soruşdular ki, Azad adı ilə kimlərdənsə pul alıblar, bu sənsən? Bundan başqa 1-2 nəfəri döyüblər. Onlar da axtarıb, məni tapmışdılar. Gördülər ki, bütün bunlarla mənim əlaqəm yoxdur. Təsəvvür edin ki, sizin yanınıza 1 nəfər gəlir və Azad adı ilə pul istəyir, siz də verirsiniz. Sonra mənə zəng vuraraq başa düşürsünüz ki, həmin Azad mən deyiləm. Ümumiyyətlə, belə şeyləri mənə çox deyiblər. Düz 8 ildir qulağıma buna oxşar söz-söhbətlər çatır. 2001-ci ildə Rusiyada Azad Məmmədovu həbs ediblər. O deyib ki, mən Azad Əsgəroviçəm, pankrationla məşğulam. Hələ o vaxt Rusiyada yaşayırdım. Həbslə əlaqədar Rusiya Pankration Federasiyasının prezidenti mənə zəng vurmuşdu. O, elə zənn edirdi ki, məni tutublar. Çünki mənim kimi, Azad Məmmədovun da atasının adı Əsgərdir. Yəni, hər ikimiz Azad Əsgəroviçik. Ad məsələsi indi də çoxlarını çaş-baş salıb.

- Biz Məmmədovun qardaşı ilə əlaqə saxlamışıq. Onun qardaşı bildirib ki, Azad 1999-cu ildə Rusiyada keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Sizin bundan xəbəriniz var?
- Əgər Azad Məmmədov Avropa çempionatında ikinci yeri tutubsa, arxivdə bu məlumat olmalıdır. Ancaq indiyədək mən bunu eşitməmişəm. Özü də mən adi bir məşqçi yox, Pankration Federasiyasının prezidentiyəm. Məmmədov qitə çempionatında gümüş medal qazansaydı, mənim xəbərim olardı.

- Bəzən idmançılarımız öz adlarından, güclərindən istifadə etməklə, hədə-qorxu və ya digər yollarla pul tələb edir, kriminal işlərin iştirakçısına çevrilirlər. Buna münasibətiniz necədir?
- Dostum, olmaz ki, həmin idmançı başını aşağı salıb yaşasın, heç kimlə də işi olmasın? Kriminal işlərə girişənlər əvvəl-axır ilişəcəklərini bilirlər. Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar.
0