Milli komandamız İsraildə gümüş medal qazandı
27.04.2009 - 15:27
Milli komandamız İsraildə gümüş medal qazandı
Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası İsrailin Holon şəhərində təşkil olunmuş beynəlxalq turnirdə gümüş medal qazanıb. Gimnastika Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışın ilk günü qızlarımız 5 lentlə 23.425 bal toplayaraq, Rusiya və İsrail komandalarından sonra üçüncü olublar.

Ertəsi gün Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmovadan ibarət yığmamız daha yaxşı çıxış edərək, 23.85 bal qazanıblar. Bu göstəriciyə əsasən, komandamız yalnız İsraildən geri qalıb. Yekunda yığmamız ikinci yeri tutub.

Milli komandanın baş məşqçisi Mariana Vasileva da turnirin nəticələrindən razı qalıb: “Bu yarış mənim yetirmələrim üçün 15-17 mayda Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində son turnir və yaxşı sınaq oldu”.

Holonda, həmçinin bədii gimnastika üzrə Qran-Pri seriyasından turnir keçirilib. Burada Aliyə Qarayeva və Anna Qurbanova ip və topla finalda çıxış ediblər. Aliyə iki dəfə 4-cü olaraq, bürünc medalın bir addımlığında qalıb. Anna isə topla 5-ci, iplə 6-cı sırada qərarlaşıb. Qarayeva və Qurbanova çoxnövçülükdə müvafiq olaraq, 7-ci və 9-cu yerləri tutublar.

Ölkəmizi Avropa çempionatında təmsil edəcək üçüncü gimnast - Zeynəb Cavadlı Sloveniyanın Maribor şəhərində keçirilmiş Dünya kubokunda qüvvəsini sınayıb.

Təsnifat mərhələsinin nəticələrinə görə o, iki finalda iştirak etmək hüququ qazanıb. Beləliklə, Zeynəb ip və halqa ilə hərəkətlərin icrasında 7-ci nəticəni göstərib. Gimnastımız çoxnövçülük yarışlarını 28 gimnast arasında 9-cu yerdə başa vurub.

Bu həftə gimnastlarımız Appenin yarımadasına yola düşəcəklər. Mayın 1-dən 3-dək İtaliyanın Pesaro şəhərində baş tutacaq Dünya kubokunun mərhələ yarışına Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı, eləcə də böyüklərdən ibarət qrup komandası qatılacaq.
0