Ramiz Məmmədov: Mənim işim Xodukinlədir
01.05.2009 - 23:02
Ramiz Məmmədov: Mənim işim Xodukinlədir
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Ölkə kubokunun ilk yarımfinal matçında “İnter”ə böyük hesabla uduzdunuz. Hazırda özünüzü necə hiss edirsiniz?
- 0:5 hesabı ilə uduzan baş məşqçi özünü necə hiss edə bilər?

- Hər halda, komandada vəziyyət necədir?
- Normal. Allaha qurban olum, hazırlaşırıq.

- Belə bir ağır məğlubiyyətə görə ruhdan düşmək da düzgün olmazdı...
- Aydın məsələdir. Hansı komandanın başına belə işlər gəlməyib ki?

- Artıq bu uğursuzluqdan iki gün keçib və həmin oyunu təhlil etmisiniz. Biri var hadisələrin təsiri altında olub “isti baş”la danışmaq, biri də var vaxt keçəndən sonra “soyuq baş”la...
- Vallah, indi də heç “soyuq baş”ım yoxdur. Bunu gizlətmirəm. Başım necə idisə, eləcə də qalıb. Bu, necə baş verdi, nə təhər 5 qol buraxmışıq, hələ də bunun şokundayam. Belə demək olar ki, bu, adama pis yuxu kimi gəlir.

- Komandanız ikinci dövrədə kifayət qədər inamlı təsir bağışlayırdı. Belə olan halda, 12 dəqiqəyə 3 qol buraxmağa necə izah vermək olar?
- Səhv etmirəmsə, ikinci dövrədə 10 turda 4 qol buraxmışıq. Bunun müqabilində 12 dəqiqəyə 3 qol buraxmaq və 0:5 hesabla uduzmaq... İnanın ki, yaxşı ki, orda iflic olmadıq, ürəyimiz dayanmadı.

- Özü də nəzərə alaq ki, futbolçu karyeranızda müdafiəçi olmusunuz. Keçmiş müdafiəçinin çalışdırdığı komandanın arxa xətti isə etibarlı olmalıdır...
- Əlbəttə ki, vaxtilə müdafiəçi olduğumu nəzərə alsaq, arxa xəttə düzgün qiymət verə bilərəm. Mənə elə gəlir ki, komandamızın müdafiə xətti yenə etibarlıdır. Hər şey göz qabağında oldu. Futbola qiymət verə bilən insanlar yəqin ki, orda öz qiymətini verdilər. Oyundan sonra keçirilən mətbuat konfransında böyük iradımı “İnter”in baş məşqçisi Valentin Xodukinə bildirdim. Birincisi, heç bir məşqçinin ixtiyarı çatmır ki, mətbuat konfransında, yaxud kənarda rəqib komandanın oyununu təhlil etsin. İkincisi, hakimin oyunda çox böyük səhvləri oldu. Bu, rəqib qapısına 11 metrlik cərimə zərbəsinin təyin edilməməyi, təmiz qolumuzun sayılmamağıdır. Kənan Kərimovun vurduğu qol, penalti epizodu zamanı hakimin səhvini bütün AFFA nümayəndələri etiraf etdilər. Əgər iki-üç oyunçu arasında kiçik bir toxunuş olursa, futbolçu simulyasiya etsə belə, hansı şəkildə yıxılırsa, əzizim, həmin saniyə oyun dayandırmalıdır. Dördüncü qol da göz qabağındadır.

- Siz mədəni şəxs kimi tanınırsınız. Xodukinlə aranızda baş verənlər hirsli olmağınızın nəticəsi idi, yoxsa?
- Nə isə, dilim gəlmir də deməyə... İstər-istəməz meydanda haqsızlıqları gördüm. Siz bilirsiniz ki, mən indiyədək hələ qaydalar çərçivəsindən kənara çıxmamışam. Bu haqda geniş danışmaq istəmirəm. Ancaq Xodukinin davranışı, onun komandama qarşı hörmətsiz yanaşması düzgün deyil. Mətbuat konfransında iştirak edənlər də gördülər ki, mən içəri girən kimi Xodukinə əl verdim. Mən həyatı boyu qoymaram ki, kimsə komandamın hüquqlarını tapdalasın. Xüsusilə də elə bir insan. Bu, həyatı boyu ola bilməz. Mənə Azərbaycanımın kiçik daşı da böyük qənimətdir. Ancaq onların gəlib burda belə özlərini şah kimi aparmağına həyatı boyu yol vermərəm. Kəsəsi, onlar futbolda heç bir çevriliş etməyiblər.

- Yəni, siz ölkəmizdə çalışan əcnəbi mütəxəssisləri nəzərdə tutursunuz?
- Bəli. Bunu birbaşa da Xodukini deyirəm. Mənim işim tək Xodukinlədir. O, futboldan kənarda nəsə edə bilər. Ancaq hələ futbolda bir şey görmədim.

- Sizcə, Xodukin nədə həddini aşıb?
- Xodukini ona görə həddini aşdı ki, “müdafiədə səhv etdilər” bu kimi sözlər işlətməyə başladı. Axı sən öz oyunun haqda danış. Deyə bilərdi ki, öz futbolçuları yaxşı oynadılar, verdiyi tapşırıqları yerinə yetirdilər və s. Onun bizə yuxarıdan aşağı baxmağa haqqı yoxdur. Bu gün Azərbaycanın çörəyini yeyir. Onun bizə yuxarıdan aşağı baxması Azərbaycan futbol ictimaiyyəti tərəfindən yol verilməzdir. Hələ futbol ictimaiyyətini qoyuram kənara, özümdən danışıram. Həyatım boyu qoymaram ki, mənə yuxarıdan aşağı baxsın.

- AFFA-nın İntizam Komitəsinin bu gün keçirdiyi iclasda çıxardığı qərardan xəbəriniz var?
- Xeyr.

- “İnter”lə kubok oyununda “texniki zona”da etdiyiniz hərəkətlərə görə, sizi bir oyunluq cəzalandırıblar, klubu da 2000 manat cərimələyiblər. Yəni, növbəti turda “Xəzər-Lənkəran”la səfər oyununda “texniki zona”da ola bilməyəcəksiniz...
- Eləyiblərsə, problem yoxdur. Mən ədəb-ərkanı gözləyən oğlanam. Haqqımda çıxarılan qərara da hörmətlə yanaşıram. Amma mənim zərrə qədər də olsun günahım olmayıb.

- Qərarda özünüzü aqressiv aparmağınız göstərilib...
- Dünyanın heç bir yerində ehtiyat oyunçular skamyasında bir metr hündürlüyündə zibil qabı görməmişəm. Mən sadəcə, bütün əsəblərimi həmin zibil qabına tökmüşəm, vəssalam. Başqa heç kimin ünvanına bir kəlmə söz deməmişəm. Qol vurulan anda, rəqib qapısına penalti zərbəsi təyin edilməyən məqamda hakimə öz etirazımı bildirmişəm. Ehtiyat hakim Vüsal Əliyev də buna canlı şahiddir. Sağ olsun, Vüsal müəllim, mənə böyük ədəb-ərkanla münasibət göstərdi. Dedi ki, Ramiz müəllim xahiş edirəm, əsəblərinizi bir az cilovlayın. Birinci penaltidən sonra özümü bir təhər cilovladım. O, mənə dedi ki, siz belə deyilsiniz, dözün. Ancaq qolumuzu saymayandan sonra dözə bilmədim və hakim məni “texniki zona”dan kənarlaşdırdı. Yanımızda bir metr hündürlüyündə zibil qabı var idi. Onun da içinə boş su qabları atırıq. Mən də hirsimi ondan çıxdım. Başqa heç hadisə baş verməyib və buna görə də məni bir oyunluq cəzalandırmağa ehtiyac olmadığını düşünürəm. Mənə elə gəlir ki, bu, lazım deyildi.

- Yəqin ki, “İnter”ə ağır məğlubiyyətdən sonra klubdaxili iclas keçirmisiniz. Futbolçuları hər hansı bir cəza gözləyirmi?
- Vallah, mən futbolçularımda elə bir böyük günah görmürəm. Futbolçularıma baxıram, lazım olan bir kəs cəzalana bilər. Ancaq 0:5-dən sonra “Qəbələ” futbol klubu özündə güc tapıb iki yüz faizli qol epizodu yarada bilirsə, bunlar da hakim tərəfindən qiymətləndirilmirsə, artıq bu zaman futbolçunu “qolu-qanadı qırılır”. Həmin vaxt idmançı özündə ikinci nəfəs tapıb, özünü motivasiya edib, meydanda 90 dəqiqə qaça bilməz, əzizim.

- Yəni, bilərəkdən oynamamaq, bu kimi şübhələndirici məqam görmürsünüz?
- Mən futbolçularımın səmimiyyətinə, sədaqətinə inanıram. Hər bir oyunçumu tanıyıb, komandaya çağırmışam. Futbolçularımız indiyə kimi çox səmimi və sədaqətli olublar.

- Klub rəhbərliyi sizə yenə də dəstək verdi. Sadəcə, “Qəbələ”nin tarixində ən böyük hesablı məğlubiyyətdən sonra getmək haqda düşündüyünüz məqam olubmu?
- Klub rəhbərliyinə göstərdiyi etimada görə təşəkkürümü bildirirəm. Bilsəm ki, görüşü oyuna görə uduzmuşuq, həmin dəqiqə... Gəlin, açıq etiraf edək ki, hesab oyuna görə olmadı. Ancaq oyunun nəticəsinə təsir edə biləcək səhvlərə yol verilib. Yəni, hesab 3:1, 3:2, 4:2, bəlkə də 5:2, 5:3 ola bilərdi. Görsəydim ki, komandam birbaşa mənim səhvlərim ucbatından belə uduzub, onda qərarımı verərdim. Öz işimi bilən insanam. Biz ruhdan düşmərik. Bu, futboldur. “Bavariya”, “Barselona”, Madrid “Real”ı kimi komandalar 0:4, 0:5 hesabı ilə uduzur. Sadəcə, bundan nəticə çıxarıb, çıxış yolu tapmaq lazımdır.
0