Azərbaycan prezidentinin iştirakı ilə Bakı Tennis Akademiyasının açılışı olub
05.05.2009 - 19:02
Azərbaycan prezidentinin iştirakı ilə Bakı Tennis Akademiyasının açılışı olub
Bu gün Bakı Tennis Akademiyasının açılış mərasimi olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Prezidentin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov mərasimdə iştirak edən Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev, gürcüstanlı məşhur tennisçi Leyla Mesxi və Xorvatiyadan olan nümayəndələri dövlət başçısına təqdim edib.

Prezident İ. Əliyev Bakı Tennis Akademiyasının açılışını bildirən lenti kəsib. Sonra yeniyetmə tennisçilərin nümunəvi çıxışları təqdim olunub.

Dövlət başçısına məlumat verilib ki, mayın 5-dən 10-dək bu kompleksdə yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan tennis turniri keçiriləcək.

Bildirilib ki, ilk dəfədir, Azərbaycan paytaxtında Tennis Akademiyası inşa olunur. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Mərkəzi kort da daxil olmaqla, komlpleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası tikilib.

Dövlət başçısı qapalı məşq kortlarına baxıb, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcək. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda beynəlxalq standartlara cavab verən şərait yaradılıb. Kortların hər birinin sahəsi beynəlxalq standartlara uyğun olaraq 670 kvadratmetrdir. İlin bütün fəsillərində burada yerli və beynəlxalq yarışların və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb.
0