Oğuz Çətin: Azərbaycan yığması bizə çox çətin anlar yaşadacaq - MÜSAHİBƏ
02.06.2009 - 00:03
Oğuz Çətin: Azərbaycan yığması bizə çox çətin anlar yaşadacaq - MÜSAHİBƏ
“Fənərbaxça” klubunun sabiq futbolçusu, Türkiyə yığmasının məşqçisi Oğuz Çətinin apasport.az saytına eksklüziv müsahibəsi

- Oğuz hoca, işləriniz necədir?
- Çox sağ olsun. Allaha şükür, işlərim yaxşıdır. Azərbaycana çoxlu salamlarımı göndərirəm.

- Azərbaycan yığması ilə yoldaşlıq görüşünə hazırlığınız necə gedir?
- Mən milli komandada baş məşqçi Fatih Terimlə birgə çalışmaqla yanaşı, eyni zamanda 21 yaşlılardan ibarət yığma mənə bağlıdır. Bu komandaya görə məsuliyyət daşıyıram. Bildiyiniz kimi, iyunun 3-də 21 yaşlılardan ibarət yığma komandanız ilə yoldaşlıq görüşümüz var. Bundan 6 gün sonra isə Ermənistanınla rəsmi oyunumuz olacaq. Həmin görüşdə üç xal qazanmağımız vacibdir. Buna görə də mən U-21-lə İstanbulda qaldım, milli komandamızın hazırlıq keçdiyi, Azərbaycanla görüşəcəyi Kayseri şəhərinə getmədim. Bu səbəbdən indi əsas yığma ilə birgə deyiləm.

- Hər halda, Terimin köməkçisi olaraq qalırsınız və U-21-də olmağınız müvəqqətidir...
- Doğrudur. İstanbulda qalmağım U-21-nin oyunları ilə bağlıdır. Azərbaycanla oyun Ermənistanla görüş öncəsi son hazırlıq matçımızdır.

- Ermənistanla oyun Türkiyə üçün də prinsipial əhəmiyyət kəsb etməlidir. Yenə bu ölkəyə qalib gələ biləcəksinizmi?
- İnşallah. Bildiyiniz kimi, sizlərlə eyni duyğuları daşıyırıq. Bu görüş bizim üçün prinsipialdır və məqsədimiz yalnız qələbə qazanmaqdır.

- Azərbaycanın U-21-i ilə oyuna necə hazırlaşırsınız? Sabah Kaşımpaşa stadionunda keçiriləcək yoldaşlıq görüşü ilə bağlı fikirləriniz maraqlıdır...
- İyunun sonunda İtaliyanın Peskara şəhərində Ağdəniz oyunlarına qatılacağıq. Bu turnirə komandamızı hazırlaşdırmaq üçün Azərbaycanla yoldaşlıq görüşü keçiririk. Peskaraya götürəcəyimiz futbolçulara təkrar görmək, ora kimlərin daxil olması üçün yeni heyət qurduq. Azərbaycan və Ermənistana qarşı oynayacaq heyətlər ayrı-ayrı olacaq. Biz Azərbaycana qarşı 1989-cu il təvəllüdlü futbolçularla oynayacağıq. Bu üzdən görmək istədiyimiz, daha öncə yığmaya gəlməyən futbolçuları çağırdıq. Onları iş başında, hazırlıq səviyyələrinin necə olmasının görmək istəyirik. Azərbaycan da iyunun 3-də yoldaşlıq görüşü keçirməklə bağlı bizə yardımçı oldu.

- Azərbaycanla həmin oyunda nəticə əsas olacaq, yoxsa futbolçuları səviyyəsi ilə tanışlıq, seçim prosesi?
- Bu oyunda nəticənin bizim üçün heç önəmli olmamağı qətidir. Əsas məsələ futbolçuların hazırkı səviyyəsini görmək, onların bacarığına şahid olmaqdır. Azərbaycanla görüş bu məqsəd üçün çıxacağıq.

- Alman mütəxəssis Bernard Lippertin çalışdırdığı Azərbaycan U-21-i haqda hansı fikirdəsiniz?
- Bu yaş qrupundan ibarət yığmanızı alman həmkarım Bernard Lippertin çalışdırdığını bilirəm. Onu da bilirəm ki, orda çox gözəl işlər görülür. Azərbaycanın U-21-də çıxış edən futbolçuları yaxından tanımasam da, gözəl bir oyunun olacağını düşünürəm. Hesab edirəm ki, Azərbaycan bizə çox çətin anlar yaşadacaq. Çünki biz fərqli heyətlə çıxacağıq və fikrimcə, baxımlı görüş olacaq. Bu, xüsusilə bizim üçün faydalı, məhsuldar matç olacaq.

- Elə payızda yeni seçmə mərhələyə hazırlaşan U-21-miz üçün Türkiyə ilə yoldaşlıq görüşü çox faydalıdır. Bu oyundan 5 gün sonra səfərdə İngiltərə ilə də yoldaşlıq görüşü var...
- Bu, yaxşı haldır. Əslində, qarşıdakı görüş azərbaycanlı futbolçuları görməyimiz baxımından çox önəmlidir.

- Türkiyə milli komandası Azərbaycanla oyundan sonra iyunun 6-da Fransa ilə səfərdə yoldaşlıq görüşü keçirəcək. Bu iki matç sizin üçün nə dərəcədə fərqli olacaq? Demək olar ki, Türkiyə Azərbaycanla oyundan daha çox Fransa ilə görüş haqda düşünür?
- Yox. Bizim üçün hər iki oyun önəmlidir. Azərbaycanla görüşə də xüsusi diqqət yetiririk. Ümumiyyətlə, bizim üçün hər bir oyun çox vacibdir. Sadəcə, Azərbaycanla görüş duyğusallıq baxımından digər oyunlardan daha əhəmiyyətlidir. Təbii ki, Azərbaycanla görüş qardaşlarımıza qarşı oynayacağımız bir matçdır. Bu oyuna da eyni şəkildə ciddi hazırlaşırıq. Yəni, Fransa ilə olduğumuz kimi Azərbaycanla görüşə də ciddi yanaşırıq. Hazırda milli komandaya çağırılan heyətimizdə gənc futbolçularımız da var. Bu oyunçular Azərbaycan və Fransa ilə görüşlərdə start heyətində yer alacaqlar.

- Azərbaycanla oyuna ciddi önəm vermək onu deməyə əsas verir ki, nəticə də sizin üçün vacibdir? Yəni, Terim milli komandamızla görüşdə qələbə qazanmağı qarşısına məqsəd qoyubmu?
- Təbii ki. Azərbaycanla oyun yoldaşlıq görüşü, hazırlıq xarakteri daşıdığı üçün əsas məqsəd gənc futbolçuları sınamaq, onların hazırlıq səviyyəsi ilə tanış olmaqdır. Bu, bizim üçün çox önəmlidir. Amma eyni zamanda, millinin hər oyununda nəticə də vacibdir. Xüsusilə də bu, əsas yığmaların görüşlərini aiddir. Milli komandanın istənilən oyunda yaxşı nəticə qazanmaq lazımdır. Amma hazırlıq matçı olduğunu nəzərə alsaq, Azərbaycana qarşı çıxacaq futbolçuların, xüsusilə də gənclərin səviyyəsini görmək nəticədən daha önəmlidir.

- Türkiyənin bu oyunda favorit olmasını qəbul edirik. Bununla belə, necə hesab edirsiniz, milli komandamız dünya və Avropa çempionatı ilə səfər oyununda sürpriz nəticə gözləməyə dəyərmi?
- Təbii ki, Türkiyə - Azərbaycan oyununda sürpriz nəticə ola bilər. Çünki futbolda favorit komandalar asanlıqla xal qazanmır. Favorit olmaq yetərli deyil. Azərbaycanla görüş bizim üçün heç də asan olmayacaq. Milli komandanız mütləq ciddi rəqib kimi qəbul edilməlidir.

- Azərbaycan yığmasını tanınmış mütəxəssis, dünya və Avropa çempionu Berti Foqts çalışdırır. Yəqin ki, onun gəlişindən sonra milli komandanızın oyunlarını izləmisiniz?
- Sözsüz ki, rəqiblər baxımından hər bir oyunu izləyib, təhlil edirik və bunlar arasında Azərbaycan milli komandası da var. Yığmanızın matçın sonuna qədər nə qədər intizamlı oynadığını, görüş bitənə qədər nə qədər çətin rəqib olduğunu, əzmkarlıq nümayiş etdirdiyinin şahidi olmuşuq. Bununla bağlı yetərincə məlumatımız var. İstər Fransa ilə yoldaşlıq görüşü, istərsə də İspaniya ilə rəsmi oyuna necə ciddi yanaşmışıqsa, Azərbaycanla görüşə də eyni şəkildə yanaşırıq.
0