Elnur Məmmədli doğum gününü harada qeyd edəcək?
29.06.2009 - 14:59
Elnur Məmmədli doğum gününü harada qeyd edəcək?
Bu gün Pekin Yay Olimpiya Oyunlarının qalibi, Azərbaycan cüdo yığmasının üzvü Elnur Məmmədli doğum gününü qeyd edir. Apasport.az saytının məlumatına görə, “Şöhrət” ordenli idmançının 21 yaşı tamam olur.

Şəxsi məşqçisi Yaşar Allahverdiyevin apasport.az saytına açıqlamasında bildirib ki, Elnur ad gününü xüsusi təntənə ilə keçirməyəcək: “Artıq zəng vurub, onu təbrik etmişəm, arzularımı çatdırmışam. Elnur bu günü heç də dəbdəbəli şəkildə qeyd etməyəcək. Sadəcə, ailə üzvləri, dostları, yaxınları ilə birgə məclis təşkil edəcək”.

Olimpiya çempionumuz ad günündə də səhhətindəki problemlərdən əziyyət çəkir. Allahverdiyevin sözlərinə görə, 21 yaşı cüdoçunun diz nahiyəsində problem var: “Onun dizində xaçvarı bağlar qırılıb. Gələn ay Almaniyanın Nürnberq şəhərində əməliyyat olunmalıdır. Həkim məşqləri qəti dayandırmaq tələbi qoyub. Elnur trenajorda məşq etsə də, tatami üzərinə çıxmır”.

Təcrübəli çalışdırıcı əməliyyatdan sonra Məmmədlinin 4-5 aya sağalacağını söyləyib. Yəni, Elnurun avqustda Hollandiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqdir. Bundan başqa, Allahverdiyev bir sıra məsələlər üzündən idmançının narahat olduğunu vurğulayıb: “Bəziləri Elnurun artıq çəkisi olduğu söyləyirlər. Halbuki, olimpiadaya hazırlıq dövründə onun 83-84 kq çəkisi var idi. İndi isə Məmmədlinin çəkisi 90 kq-dır. İnşallah, gələcək yarışlarda çəki problemi yaranmayacaq”.

Xatırladaq ki, Elnur Məmmədli 2006-cı ildə Avropa çempionu, 2007-ci ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci ildə isə olimpiya çempionu olub.
0