Nikolayev merindən Azərbaycana təbrik məktubu - FOTO
01.07.2009 - 14:37
Nikolayev merindən Azərbaycana təbrik məktubu - FOTO
Ukraynanın Nikolayev şəhərinin meri avarçəkmə üzrə Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan yığmasının üzvləri Maksim Prokopenko və Sergey Bezuqlıya təbrik məktubu göndərib. Apasport.az saytının məlumatına görə, Almaniyanın Brandenburq şəhərində keçirilmiş yarışda kanoe qayıqlarında 500 m məsafəyə yürüşdə 3-cü yeri tutmuş Prokopenko - Bezuqlıy dueti əslən Nikolayevdəndir. Ancaq onlar az öncə “milliləşdirilərək”, Azərbaycan yığmasına cəlb olunublar.

Bu gün federasiya rəhbərliyi ilə birgə baş tutan mətbuat konfransında ukraynalı avarçəkənlər Azərbaycanı təmsil etdikləri üçün məmnunluqlarını gizlətməyiblər: “Azərbaycan yığmasında çıxış etmək çox xoşdur. Burada bizə diqqət, qayğı var. Hər yerdə insanların qonaqpərvərliyi, səmimi münasibəti ilə rastlaşırıq. Federasiya rəhbərliyi də bizə işləmək üçün bütün şəraiti yaradıb”.

Bezuqlıy deyib ki, Avropa çempionatından sonra Ukrayna yığması məşqçilərinin peşman olub-olmadığını bilmir: “Bu sualı ukraynalı məşqçilərə vermək lazımdır. Biz Azərbaycan üçün uğur qazanmışıq və buna sevinirik”.

O, Almaniyada yarış zamanı digər ölkə nümayəndələri ilə söhbətlərini də xatırladıb: “Digər avarçəkənlər artıq Azərbaycan yığmasının heyətində olduğumuzdan xəbərdardırlar. Sadəcə, orada onlar bizə yaxınlaşaraq soruşurdular ki, Azərbaycanda hansı şərait var, insanlar necədir. Hərənin öz fikri var. Bizə burada olmaq xoşdur”.
0