Dəhşətli qətl: 20 yaşlı qız futbolçunu güllələdi - FOTO
09.07.2009 - 16:25
Dəhşətli qətl: 20 yaşlı qız futbolçunu güllələdi - FOTO
ABŞ-ın Tennisi ştatında dəhşətli qətl hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, Neşvill şəhərində 20 yaşlı qız Sahel Kazemi sevgilisi, amerikan futbol üzrə “Tennisi Titans” klubunun keçmiş üzvü Stiv MakNeyri güllələyib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Sahel psixoloji gərginlik yaşadığından, cinayət hadisəsini törədib. Son vaxtlar o, tez-tez problemlərdən şikayətlənirmiş. Avtomobilinin kreditini ödəyə bilməyən qızın MakNeyrlə münasibətləri də kəskinləşib. Kazemi axırıncı telefon söhbətində rəfiqəsinə belə deyib: “Həyat zibildir, buna son qoymağın vaxtıdır”.

Sahel futbolçunu divanda uzanarkən güllələyib. Sevgilisinə 4 güllə vuran xanım daha sonra özünə qəsd edib. Lakin cinayət hadisəsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Kazeminin bacısı oğlu Fərzin Abdi bildirib ki, xalasının belə cinayətə əl atdığına inanmır. Həmçinin, o, cütlük arasında hər hansısa problem olmadığını vurğulayıb: “Sahel heç də depressiyada deyildi. O, elə xoşbəxt idi ki... Stiv onun bütün qayğısına qalırdı”.

Neşvill polisi Fərzinin açıqlamalarına münasibət bildirməyib. Digər fərziyyələrə əsasən, Stiv həyat yoldaşından boşanıb, Sahellə evlənməyə hazırlaşırmış. Bu məqsədlə onun yeni mebel almaq niyyətinin olduğu da deyilir.

MakNeyrin həyat yoldaşı Mişel Kartrayt isə ölüm faktına izahat verməyib. Hətta Mişel ərinin ölümünə qədər onun Kazemi ilə münasibətdə olduğundan xəbərsiz imiş. 36 yaşlı futbolçu gənc sevgilisi ilə restoranda görüşürmüş. Kazemi məhz həmin restoranda işləyirmiş. Onlar bir neçə ay əvvəl tanış olublar.

MakNeyr və Mişel arasında ailə-məişət zəminində heç bir problem olmayıb. Bu cütlük 1997-ci ildə ailə həyatı qurub. Mişel deyirmiş ki, 4 övlad atası olan Stivin valideyn vəzifəsini layiqincə yerinə yetirməsinə görə qürur hiss keçirir.

Müəmmalı ölüm faktı barədə açıqlama verən Neşvill polisinin sözçüsü Don Aaron bütün versiyaların yoxlanılacağını qeyd edib.

Xatırladaq ki, Stiv MakNeyr Milli Futbol Liqasında (NFL) 13 mövsüm oynayıb. O, peşəkar futbolçu karyerasını ötən il başa vurub.
0