Yığmamızın futbolçusu şoka düşüb
23.07.2009 - 23:00
Yığmamızın futbolçusu şoka düşüb
“Bakıya gəlib, geniş müsahibə vermək istəyirəm. Lazım gəlsə, mətbuat konfransı da keçirərəm. İstənilən halda, vəziyyəti aydınlaşdırmalıyam və haqqımda belə şeylərin yazılması çox pisdir. Rusiyada yaşadığım Çerepovets şəhərinin qəzetində haqqımda düzgün olmayan şeylər yazıblar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Daniel Axtyamov deyib.

Hazırda özünə klub axtaran 24 yaşlı milliləşən futbolçunun başı həm də qalmaqallı müsahibəyə qarışıb. Türkiyənin “Konyaspor” klubuna düşə bilmədikdən sonra Rusiyaya qayıdan Daniellə əlaqə saxladıqda, o, ürəyini bizə boşaltdı. Sən demə, futbolçu məsələyə aydınlıq gətirmək üçün fürsət axtarırmış: “Çerepovets qəzetində məndən götürülən müsahibədə hər cür cəfəngiyat yazıblar. Bu, görünməmiş bir şeydir. Verdiyim müsahibədə guya demişəm ki, Azərbaycanda özümə dost tapa bilmədim. Orada musiqi başqa cürdür, öz dilləri, danışıq tərzləri var. Rus dilində soruşursan, istədiyin kimi cavab vermirlər. Əslində, bütün bunlar ağ yalandır, belə götürəndə “sarı mətbuat”ın işidir. Azərbaycanda çoxlu dostlarım var. Yazıblar ki, guya Azərbaycanı sevmirəm. Milli komandada ona görə oynayıram ki, mənə oranın pasportunu düzəldiblər. Yəni Rusiya yığmasına cəlb olunmadığımdan bir növ məcburiyyətdən oynayıram. Qətiyyən belə bir şey deməmişəm və həyatımda söyləmərəm. Bunu heç ağlımdan belə keçirmirəm. Öz-özümə fikirləşirəm ki, axı mən necə belə bir şeylər deyə bilərəm?”

Həmin müsahibə ilə internetdə tanış olan Axtyamov heç cür özünə gələ bilmir: “Açığı, orada yazılanları oxuyandan sonra şoka düşdüm. Bu, xətrimə dəydi. Əlbəttə ki, bunlar Azərbaycana gəldiyim vaxtda, milli komandada mənə problem yarada bilər. Düzdür, hələ ki mənə ordan kimsə zəng edib, bu müsahibə haqda bir şey deməyib. Guya ki, rus olduğumdan, Rusiya yığmasından qorxduğum üçün ona qarşı oynamaq istəmirəm. Axı bu, necə ola bilər? Bu, sərsəm fikirdir. Məgər mən qorxağam? Əksinə, Rusiya ilə görüş mənim üçün böyük stimuldur və həmyerlilərimə qarşı oynamağı çox istəyirəm. Məqsədim özümü onlara sübut etmək, qol vurmaqdır. Belə olan halda, oynamaq istəmədiyimi necə deyə bilərəm? Bax, ən çox bu, mənə pis təsir edir”.

2004-cü ilin yayında Azərbaycana gələn Daniel “İnter” və “Gəncə” klublarında oynayıb. 2008-ci ilin qışında vətəninə yollanan futbolçu il yarımdır ölkəmizdə kənarda çıxış edir: “4 il Azərbaycanda yaşayıb, oynamışam. İnsanları mənim üçün doğmalaşıb. Atam – Rasim Axtyamov Bakıda anadan olduğu, oynadığı halda, nənəm orada yaşadığı halda, necə belə bir şey yazmaq olar? Belə bağlılıqlar olduğu halda, necə bu şəhərə, ümumiyyətlə, Azərbaycana pis münasibət göstərə bilərəm? Mənim üçün ikinci doğma şəhər olan Bakı üçün darıxıram. Belə olan halda, necə pis şey deyə bilərəm? Bu, hansı məntiqə sığır? Mən 20-30 faiz Azərbaycan dilini bilirəm. Danışa bilməsəm də, bir az başa düşürəm”.

Axtyamov haqqında böhtan yazan jurnalisti axtarsa da, heç cür tapa bilmir: “3-4 gündür ona zəng edirəm, ancaq mobil telefonu söndürülüb. Hətta Türkiyədə olduğum müddətdə ona zəng etmişəm. İndi də Rusiyaya qayıdıb, əlaqə yaratmağa çalışıram. Onun belə hərəkəti heç düzgün deyil. Axı bu, mənə pis təsir edir, ləkə gətirir. Səhv etmirəmsə, həmin müxbirin soyadı Vinoqradovdur. Ən maraqlısı odur ki, o, məndən yarım il əvvəl müsahibə götürmüşdü. Bu, yadımdadır. Ancaq həmin vaxt belə şeylər deməmişəm. O, özü adımdan belə şeylər yazıb. Bu da tamamilə başqa şeylərdir”.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqtsun iki-üç ay öncə yığmaya qaytardığı Axtyamovun son klubu “Minsk” olub.
0