“Püşkatmadan sonra ilk işim xəritədə Bakını axtarmaq oldu...”
19.08.2009 - 17:57
“Püşkatmadan sonra ilk işim xəritədə Bakını axtarmaq oldu...”
“Püşkatmadan sonra ilk işim xəritədə Bakını axtarmaq oldu. Bizi burada səmimi qarşıladılar. Cavab oyununda biz də “Bakı”nı eyni isti münasibətlə qəbul edəcəyik”. Apasport.az saytının məlumatına görə, İsveçrənin “Bazel” klubunun baş məşqçisi Torsten Fink bu gün Bakıda keçirdiyi mətbuat konfransında belə deyib.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda Avroliqanın dördüncü təsnifat mərhələsi çərçivəsində “Bakı”ya qarşı mübarizə aparacaq komandanın çalışdırıcısı rəqibin ünvanına xoş sözlər söyləyib: “Bakı”nı yaxşı tanıyırıq. Bu komanda futbol oynamağı bacarır, topu qabağa vurmaqla kifayətlənmir. Rəqibin oyunlarının videotəhlilini aparmışıq. “Bakı”da xüsusilə yarımmüdafiənin mərkəzini fərqləndirərdim. Güclü bir hücumçularının (Feliks Felipe Almeyda nəzərdə tutulur - red.) cəzalı olmasından, onun yerinə braziliyalı futbolçu gətirmələrindən xəbərimiz var”.

Almaniyalı mütəxəssis paytaxtımızı məğlubiyyətsiz tərk etmək istəyini də gizlətməyib: “Rəqibə hörmət edirik. Amma eyni zamanda, öz oyunçularımıza da inanıram. Məğlubiyyət haqda düşünmürük. Qələbə və ya heç-heçəyə ümid edirik. Ancaq hər şey ola bilər”.
0