Qyoko Hacıyevski: Sabah “Bazel”ə 2:0 hesabı ilə qalib gəlsək, super olar!
19.08.2009 - 18:13
Qyoko Hacıyevski: Sabah “Bazel”ə 2:0 hesabı ilə qalib gəlsək, super olar!
“Bakı” klubu Avroliqanın dördüncü təsnifat mərhələsində “Bazel”lə görüşün hazırlığını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən son hazırlıq prosesinin ardından paytaxt təmsilçinin baş məşqçisi Qyoko Hacıyevski jurnalistlər üçün brifinq təşkil edib.

“İstənilən halda, sabah qələbə qazanmağa çalışacağıq. Öz meydanımızda “Bazel”ə 2:0 hesabı ilə qalib gəlsək, super olar! Avroliqada qrup mərhələsinə adlamaq istəyirik. Bunun üçün ilk növbədə birinci oyunu fikirləşməliyik” - deyə makedoniyalı çalışdırıcı vurğulayıb.

Hacıyevski bildirib ki, əsas heyətin iki üzvü olmasa da, “Bakı” “Bazel”lə görüşə yaxşı hazırlaşıb: “Feliks cəza, Barboza isə zədə səbəbindən ilk matçı buraxacaq. Buna baxmayaraq, komandanın düşərgəsində hər şey yaxşıdır. Heyətdə Feliks və Barbozanın layiqli əvəzləyiciləri var. Start heyəti ona görə açıqlamıram ki, rəqib eşidib, buna uyğun taktika qura bilər”.

“Bakı”nın baş məşqçisi ötən həftə “Ankaragücü”dən transfer edilmiş hücumçu Jabanın da durumuna toxunub: “Jaba ilə söhbət etmişəm. O, komandamıza yeni qoşulub, qarşılaşmaya tam hazır deyil .Ona dedim ki, heç olmasa “Bazel”lə görüşdə bizə 1 saat kömək et. Fikrimcə, Jaba ən azı 45 dəqiqə bizə yardımçı olacaq”.

Qeyd edək ki, “Bakı” - “Bazel” matçı sabah saat 20:00-da start götürəcək.
0