Bir gözəl “Levski”də aranı qarışdırdı - FOTO
25.08.2009 - 11:26
Bir gözəl “Levski”də aranı qarışdırdı - FOTO
“Bakı”nı Çempionlar Liqasından kənarlaşdıran Bolqarıstanın “Levski” klubunda növbəti qalmaqal yaşanır. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisində əsəblərin tarıma çəkilməsinə Vesela Toteva səbəb olub.

Belə ki, “Levski”nin aparıcı futbolçularından olan Elin Topuzakovun həyat yoldaşı Çempionlar Liqasının dördüncü təsnifat mərhələsi çərçivəsində Macarıstan “Debretsen”i ilə oyununu canlı izləməkdə çətinliklə üzləşib. Təcrübəli futbolçu komandasında xanımını Budapeşt səfərinə aparan yeganə oyunçu olmaq niyyətində olsa da, klub rəhbərliyi buna imkan verməyib. Yeni təyin olunan idman direktoru Georgi İvanov Veselanın çarter reysi ilə səfərə yollanmasına icazə verməyib.

Bu isə Elini özündən çıxarıb. Klub rəsmisinin yeniliyindən əsəbiləşən futbolçu ona həmişə edilən güzəştin ləğvindən narazı qalıb. Öz hesabına Macarıstana yollanan xanım orada da ərindən uzaq düşüb. İvanov gözəlçənin komanda qalan oteldə gecələməsinə icazə verməyib. Məcburiyyətdən Toteva başqa otel axtarmalı olub.
0