Güləş üzrə dünya çempionumuz həbsxanada - FOTO
16.09.2009 - 14:16
Güləş üzrə dünya çempionumuz həbsxanada - FOTO
Bu gün 6 və 15 saylı cəzaçəkmə müəssisələri arasında keçirilən mini-futbol üzrə final oyununun taleyini idmançılar həll edib. Apasport.az saytının məlumatına görə, “Şəfa” adı altında çıxış edən 6 saylı müəssisənin qalib gəlməsində həbsdə olan ustaların əməyi olub.

Tanınmış futbolçu Mehman Alışanovun da çıxış etdiyi bu komandada ən titullu məhkumu bəlkə də heç kim tanımazdı. Lakin futbol veteranı, Premyer Liqada bir neçə klubu çalışdırmış İlqar Hüseynov sabiq məktəb yoldaşını tanımaya bilməzdi. Məhz onun “Bu ki, İlhamdır. Mənimlə idman internatında təhsil alıb” deməsindən sonra “Şəfa”nın 23 nömrəli futbolçusunun kimliyi ilə maraqlandıq. İlk baxışdan da güləşçiyə xas bədən quruluşu olan məhkumun həqiqətən bu idman növü ilə məşğul olduğunu Hüseynov açıqladı: “İlham Həmidov dünya çempionudur da. Onu necə tanımamaq olar? Yeniyetmələr arasında dünya birinciliyinin qızıl medalını qazanıb. Səhv etmirəmsə, bu 1982-ci ildə olub. Sonra güləşdən getdi. Bilirsiniz də, o vaxt SSRİ yığmasına düşmək necə çətin idi. O isə bunu bacarıb dünya çempionu oldu. Neçə vaxtdır onun haqqında eşitməmişdim. İndi görürəm ki, buradadır”.

Qeyd edək ki, Həmidov yunan-Roma güləşi ilə məşğul olub.
0