“Hər gecə küçəyə çıxır və əlimə keçəni içirdim”
02.10.2009 - 15:41
“Hər gecə küçəyə çıxır və əlimə keçəni içirdim”
Bu ilin aprelində İtaliyanın “İnter” klubundan ayrılmış Adriano özü ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, hazırda vətənində “Flamenqo”nun şərəfini qoruyan 28 yaşlı braziliyalı futbolçu yaxın keçmişdə alkoqol içkilərə qurşandığını etiraf edib.

“İnter”dən ayrılmağım doğru qərardır. İndi daha az pul qazanıram, amma rahatam. Atamın ölümündən sonra depressiyaya düşdüm. Yalnız içki qəbul edəndə şən olurdum. Hər gecə küçəyə çıxır və əlimə keçəni içirdim. Məşqlərə həmişə sərxoş gedirdim. Gecə yuxusuz qaldığımdan, fiziki durumum pis olurdu” - deyə Adriano vurğulayıb. O, “İnter”dən ayrılmasına məhz içkinin səbəb olduğunu söyləyib.

Müəyyən fasilədən, daha dəqiqi Joze Maurinyonun baş məşqçi postuna təyinatından sonra “İnter”ə dönən hücumçu yenə də klubda mövqeyini qoruya bilməyib: “Həmin vaxt problemləri geridə qoyduğumu düşünürdüm. Lakin qısa zamandan sonra özümü yalnız və arxasız hiss etdim. Yenə məclislərin, qadınların və alkoqol içkinin əhatəsinə düşdüm. Bu dəfə “İnter” rəhbərliyi çox fikirləşmədi və mənimlə əməkdaşlığa son qoydu. Artıq 6 aydır vətənimdəyəm, şadam. Heç bir pul məbləği evdə olduğumu hiss etdirməyə kifayət deyil”.
0