Futbol komandası ölümdən döndü
20.11.2009 - 09:57
Futbol komandası ölümdən döndü
Rusiya Premyer Liqasında çıxış edən “Rostov” klubunun futbolçuları ölümdən dönüblər. Apasport.az saytının məlumatına görə, onlar ölkə çempionatının XXIX turu çərçivəsində səfərdə “Tom”la qarşılaşmaq üçün “Boinq-737” sərnişin təyyarəsi ilə Tomska yollanıblar. Lakin sonradan təyyarə Rostov-na-Donuya qayıtmalı olub. Pilotlar Morozovsk şəhərinin üzərindən uçarkən, hidrosistemin mexanizmlərinin birində nasazlıq aşkara çıxarıblar. Bununla əlaqədar təyyarənin ekipajı hava limanına qayıtmaq qərarına gəlib. Bir müddət sonra futbolçuların da yer aldığı “Boinq-737” Rostov-na-Donudakı hava limanına enib. Təcili eniş uğurla keçib və heç kim xəsarət almayıb. Bununla belə, təhlükəsizlik məqsədləri ilə bağlı eniş zolağında yanğınsöndürən maşınlar və xilaskarlar keşik çəkib. Hava limanının rəhbərliyinin verdiyi məlumata görə, hidrosistemin nasoslarının birində nasazlıq olub və kapitan təmir üçün hava limanına qayıtmağa qərar verib.

Qeyd edək ki, laynerdə 70 sərnişin, o cümlədən ekipajın 7 üzvü olub. “Rostov”un futbolçuları Tomska bu gün digər təyyarədə yollanacaqlar. O, artıq hazır vəziyyətdə idmançıları gözləyir. “Tom” - “Rostov” oyunu sabah keçiriləcək.
0