İdmanın “Qulliver”i “Cırtdan”la birgə - FOTOSESSİYA
23.12.2009 - 12:49
İdmanın “Qulliver”i “Cırtdan”la birgə - FOTOSESSİYA
“Fənərbaxça”dan ayrılan braziliyalı futbolçu Roberto Karlos Türkiyədə son müsahibəsini verib. Apasport.az saytının məlumatına görə, ondan müsahibəni nə televiziya, nə qəzet, nə də portalın əməkdaşı götürüb. Bu dəfə müxbir funksiyasını “Fənərbaxça”nın qadın voleybolçulardan ibarət komandasının üzvü Yekaterina Qamova yerinə yetirib.

Roberto Karlosun azarkeşi olduğunu gizlətməyən rusiyalı voleybolçu ona Türkiyədəki karyerası ilə bağlı suallar ünvanlayıb. Braziliyalı yarımmüdafiəçi də ona qarşılıqlı kompliment söyləyib: “Fənərbaxça” dünyanın ən yaxşı klublarından biridir. İmkan olan kimi, sizin oyunlarınıza baxıb, zövq alırdıq. Çünki mən futbolla yanaşı, voleybolu çox sevirəm. Bundan sonra da sənin çıxışını izləyəcəyəm”.

Səmimi açıqlamalar verən futbolçu Türkiyə üçün darıxacağını bildirib: “Türkiyədə olduğum 2 il yarım ərzində çox gözəl günlər yaşadım. Türkiyə, xüsusilə buranın mətbəxi üçün darıxacağam”. O, türk dilini öyrənməyə çalışdığını, ancaq bunu bacarmadığını boynuna alıb: “Türkcə çox az danışıram. Məsələn, yalnız “günaydın”, “afiyet olsun”, “iyi akşamlar”, “merhaba” sözlərini bilirəm. Bir də “Sağ ol kardeşim” ifadəsini işlətməyi bacarıram”.

Ardından Roberto Karlos Qamovaya uğurlar arzulayıb: “Mənim sənin azarkeşin, sənin isə mənim azarkeşim olduğunu nəzərə alsaq, bugünkü görüşümüzdən fərəh keçirirəm. Braziliyaya uçan təyyarəyə minməmişdən öncə sənə tövsiyəm bu olacaq: yaxşı nəticə, yaxşı oyun göstər və çıxış etdiyin hər qarşılaşmadan zövq al”.

Sonda 168 sm boya malik braziliyalı futbolçu dünyanın ən hündür voleybolçularından sayılan (204 sm) Qamova ilə birgə şəkil çəkdirib.
0