“Barselona” belə yıxıldı – FOTO
14.01.2010 - 10:23
“Barselona” belə yıxıldı – FOTO
İspaniya kubokunun 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə oynadığı bütün yarışları qalib kimi başa vuran “Barselona” qazandığı titullardan biri ilə artıq indidən vidalaşıb.

Kataloniya təmsilçisi “Sevilya” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gəlsə də, bu 1/4 finala çıxmağa kifayət etməyib. Xosep Qvardiolanın yetirmələri ilk görüşü öz meydanında keçirərək 1:2 hesabı ilə uduzmuşdu. Məhz səfərdə daha çox qol vurması “Sevilya”nın işinə yarayıb.

Ötən il İspaniya çempionatı, kuboku və Superkuboku, Avropa Çempionlar Liqası və Superkuboku, həmçinin klublararası dünya çempionatını qazanan “Barselona” 6 titul qazanmaq rekordunu təkrarlaya bilməyəcək.

Kataloniyalılar kimi, İspaniyanın daha bir tanınmış klubu “Valensiya” da mübarizəni 1/8 finalda dayandırıb. Öz meydanında “Deportivo”ya 1:2 hesabı ilə uduzan “yarasalar” “Barselona” kimi səfərdə uğur qazanmağın öhdəsindən gələ bilməyib – 2:2. Hərçənd fasiləyədək Nikola Jiqiçin vurduğu iki cavabsız qol qonaqları ümidləndirmişdi.
0