Rəcəb Fərəczadə: Nədənsə baş məşqçi bizə inanmır
22.01.2010 - 02:35
Rəcəb Fərəczadə: Nədənsə baş məşqçi bizə inanmır
“Çexlərlə qarşılaşmada az oynasam da, əsas odur ki, komandamız qələbə qazandı. Sadəcə, baş məşqçinin bizə inanmaması pisdir. O, nədənsə bizə inanmır”. Bunu Azərbaycan futzal yığmasının üzvü Rəcəb Fərəczadə apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində deyib.

Gənc futbolçu Avropa çempionatının ikinci turunda Çexiyaya qarşı matçın sonlarında forma geyinib. O, ehtiyatda oturmasından narazı qalıb: “2-3 futzalçı daima ehtiyatda qalır. Halbuki biz hazırıq. Çexlərlə görüşdə də bir neçə dəqiqə oynadıq. Mənə elə gəlir ki, normal çıxış etdik. Hətta həmin vaxt bir qol da vurduq. Yəni, kiminsə işinə kölgə salmadıq, kimisə zərbə altında qoymadıq”.

Rəcəb 1/4 final mərhələsində də uğur qazanacağımıza inanır: “Növbəti oyunumuzu İtaliyaya yox, Ukraynaya qarşı keçirsək yaxşı olar. Yarımfinala çıxıb-çıxmayacağımıza gəlincə, hər şey ola bilər. Kim deyə bilərdi ki, biz Çexiyanı 6:1 hesabı ilə udacağıq? İstənilən halda, 1/4 finalda qələbə əzmi ilə mübarizə aparacğıq”.
0