2010-cu il “Saturn”un azərbaycanlı futbolçusuna düşərlidir
28.01.2010 - 13:12
2010-cu il “Saturn”un azərbaycanlı futbolçusuna düşərlidir
2010-cu il Rusiyanın “Saturn” klubunda çıxış edən azərbaycanlı futbolçu Emin Mahmudov üçün düşərli olub. Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi yeni ilin ilk ayındaca fərqlənməyi bacarıb. Əslən Lənkərandan olan Emin doğma şəhərinin komandası olan “Xəzər-Lənkəran”ı məğlub edə bilib. “Saturn” Türkiyənin Antalya şəhərində komandamızla keçirdiyi yoxlama oyununda qələbəni məhz həmyerlimizin 50-ci dəqiqədə vurduğu qol sayəsində qazanıb – 1:0.

Bu klubun məktəbinin yetirməsi olan Mahmudovun 18 yaşı hələ aprelin 27-də tamam olacaq. Rusiya vətəndaşlığını daşıyan 1992-ci il təvəllüdlü futbolçu ötən il “Saturn”un əvəzedici heyətində daim oynaması ilə diqqət çəkib. Artıq əsas komandaya cəlb olunan Emin bu ay Sankt-Peterburq şəhərində Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə karyerasında ilk uğurlarını qazanıb. Belə ki, Rusiyanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) qalibi olduğu turnirin bombardiri də məhz Mahmudov olub. Özü də maraqlıdır ki, adətən nadir hallarda qol vurduğunu etiraf edən hücuma meylli yarımmüdafiəçi turnirdə, demək olar, hər oyunda rəqib qapısına yol tapmağı bacarıb.

Azərbaycanın U-19-u da həmin yarışda iştirak etsə də, ruslarla görüşmədiyimizdən Emin həmyerlilərini məyus etməyib. Mahmudov Rusiya yığmasında oynasa da, əslən bağlı olduğu ölkənin millisinin şərəfini qoruya bilər. Hər halda, futbolçu nə əsas, nə də 21 yaşlılardan ibarət yığmada oynayıb. FİFA isə məhz bu yığmalara qədər futbolçuya qəti seçim etməklə bağlı imkan yaradır. Ancaq Eminin Rusiyada boya-başa çatdığını, futbolçu kimi orada yetişdiyini nəzərə alsaq, ən azı perspektiv baxımından bu ölkənin yığmasının üstün tutması daha inandırıcı görünür.

Qeyd edək ki, Mahmudov 1,67 metr boya, 67 kiloqram çəkiyə malikdir.
0