“Lənkəranlı olsam da, “Xəzər-Lənkəran”a qol vuranda sevindim” - MÜSAHİBƏ
29.01.2010 - 11:44
“Lənkəranlı olsam da, “Xəzər-Lənkəran”a qol vuranda sevindim” - MÜSAHİBƏ
Rusiyanın “Saturn” klubunun azərbaycanlı futbolçusu Emin Mahmudovun apasport.az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş müxbirinə müsahibəsi

- “Xəzər-Lənkəran”la görüşə fasilədən sonra çıxdın. Oyun və rəqib barədə nə deyə bilərsən?
- Qalib gəlsək də, ağır oyun idi. Bilirsiniz, mövsümün hazırlığına yeni başlamışıq. Bu müddətdə daha çox fiziki hazırlığa diqqət yetiririk. Birinci hissədə “Xəzər-Lənkəran”, ikincidə isə biz yaxşı oynadıq və qol vurdum. Əslində, ilk hissədə də yaxşı oynayırdıq. Ancaq istəyimizə yalnız fasilədən sonra çata bildik. “Xəzər-Lənkəran”la qarşılaşma çətin olsa belə, yaxşı keçdi.

- Əslən lənkəranlısınız. Lənkəranlı futbolçu “Xəzər-Lənkəran”a qol vuranda hansı hissləri keçirdi?
- Bu, mənim ilk qolum idi.

- “Saturn”un heyətində?
- Bəli. Mən Lənkəranda doğrulmuşam. Elə alındı ki, “Saturn”da ilk qolumu anadan olduğum doğma şəhərin komandasına vurdum.

- Sevindin, yoxsa?
- Əlbəttə, bu futboldur, “Xəzər-Lənkəran”a qol vuranda sevindim (gülür).

- Nə vaxtsa ağlına gələrdimi ki, “Saturn”un heyətində ilk qolunu məhz Lənkəran komandasına vurasan?
- Bilirsiniz, özümü göstərmək, Azərbaycan komandası ilə necə oynamaq lazım olduğunu göstərmək istəyirdim. Mən bir dəfə Azərbaycan komandasına qarşı çıxış etmişəm.

- “Xəzər-Lənkəran”ın oyununu gördün. Təklif gəlsə, bu komanda, ümumiyyətlə, Azərbaycan klubunda oynayarsan?
- Mən karyeramın Rusiyada olmasını istəyirəm. Burada işlərim hələ ki yaxşı gedir. Bu səbəbdən heç yerə keçmək istəmirəm.

- Bəs gələcəkdə Azərbaycan yığmasında oynamaq təklifi olsa necə? Seçim qarşısında qalsaydınız, Rusiya, yoxsa Azərbaycan yığmasına üstünlük verərdin?
- Mən bundan sonra da Rusiya yığmasında oynayacağam. Burada legionerlərə limit var. Azərbaycan yığmasında çıxış etsəm, Rusiyada legioner sayılacağam. Mən də bunu istəmirəm. Bu, pisdir axı, heyətə düşməyə çətinlik yaradır. Legioner sayılmağım yaxşı olmaya bilər.

- Bildiyimizə görə, AFFA sizi yığmaya çağırmışdı...
- Bəli, bu, bir dəfə olub.

- Bəs nə baş verdi ki, Vətəndə qalmadınız?
- Bilmirəm.

- Baş məşqçi bəyənmədi, yoxsa sizi qane etməyən nəsə oldu?
- Hər şey yaxşı idi. Sadəcə, Rusiyada oynamaq istəyirəm. Heç yerə getmək arzusunda deyiləm. Rusiya yığmasında çıxış etmək fikrindəyəm. Bu, ilk növbədə legioner limitinə görədir. Yoxsa Azərbaycan yığmasında oynayaram. Orada çıxış etsəm, Rusiyada mənə belə baxmayacaqlar.

- Necə fikirləşirsən, “Xəzər-Lənkəran” Rusiya Premyer Liqasında oynamaq gücündədir?
- Əlbəttə ki, “Xəzər-Lənkəran” yaxşı komandadır. Futbolçular ötürmə ilə yaxşı oynayır, meydanda topu hara gəldi, qabağa vurmurlar. Elə komandalar var ki, topu irəli vurub, onun dalınca qaçırlar. “Xəzər-Lənkəran” belə komandalardan deyil. Ötürmələrə diqqət yetirirlər. Ağıllı futbol oynadılar.

- “Xəzər-Lənkəran”da bəyəndiyin futbolçu oldumu?
- Açığını deyim ki, rəqib komandaya elə də diqqət yetirmirdim. Adətən meydanda olanda daha çox öz, komandamın oyununa fikir verir, rəqib oyunçulara baxmıram. Məni artıq “Saturn”un əsas komandasına götürüblər və bu səbəbdən özümü sübut etmək istəyirəm. 17 yaşım var, hamıdan kiçiyəm.
0