“Biz mövsümə hazırıq, 1-ci yer uğrunda oynayırıq və hədəfimiz dəyişməyib”
29.01.2010 - 14:31
“Biz mövsümə hazırıq, 1-ci yer uğrunda oynayırıq və hədəfimiz dəyişməyib”
“Türkiyədəki təlim-məşq toplanışında zədə alsam da, bu ciddi deyil. Sadəcə, diz nahiyəmin əzələ bağlarında problem yaranmışdı. Bir-iki günə vəziyyətim yaxşılaşmalıdır. İnşallah, fevralın 3-də “Standard”la oyuna tam hazır olmalıyam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Ceyhun Sultanov deyib.

31 yaşlı yarımmüdafiəçi komandasının Antalya şəhərində keçirilən üç həftəlik hazırlıq prosesindən razı qalıb: “Yaxşı hazırlıq keçdik. Düzdür, vaxt bir az olsa da, hər halda, bundan maksimum istifadə etməyə çalışdıq. Yoxlama oyunlarında yaxşı nəticə qazana bilmədik. Keçirdiyimiz 4 görüşün 3-də uduzduq, 1-də qalib gəldik. Ancaq təbii ki, yoxlama oyunlarında nəticə əsas deyil. Uduzduğumuz görüşlərdə yaxşı oynadıq. Komandamız göstərdiyi oyunla yaxşı təsir bağışladı. Biz mövsümə hazırıq. Biz 1-ci yer uğrunda oynayırıq və hədəfimiz dəyişməyib”.

Bir vaxtlar böyük ümidlər bəslənilən, yığmamızın da aparıcı futbolçulardan olan Ceyhun artıq kölgədə qalıb. “Xəzər-Lənkəran”da əsas heyətində yerini itirən təcrübəli futbolçu daha milli komandaya da çağırılmır. Futbolçu bunu şəxsi həyatında baş verən çətinliklərlə əlaqələndirir: “Təxminən 25 gün öncə böyük qardaşım xəstəlik üzündən dünyasını dəyişdi. Digər böyük qardaşım, atam da bundan əvvəl vəfat etmişdi. Yaxınlarımı itirəndən sonra psixoloji baxımdan çətin olur. Ancaq həyat davam edir. Bacardığım qədər ayaq üstə durmağa çalışıram. Bundan sonra da komandaya əlimdən gələn köməyi edəcəyəm. Nə qədər hazır olduğumu, əsas heyətdə yer alıb-almamağımı isə artıq baş məşqçi qərar verə bilər”.

Qeyd edək ki, Ceyhun üç ildir çıxış etdiyi “Xəzər-Lənkəran”ın heyətində bütün titulları – bir çempionluq, iki ölkə kubokunu qazanıb.
0