Vaqif Cavadov: Mən Hollandiyadakı soyuqdan qorxmuram!
30.01.2010 - 11:12
Vaqif Cavadov: Mən Hollandiyadakı soyuqdan qorxmuram!
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubunda təqdimetmə mərasimi olub. Apasport.az saytının məlumatına görə, tanınmış ingilis baş məşqçi Stiv Maklaren qırmızı rəngdə olan 7 nömrəli formanı 21 yaşlı hücumçumuza şəxsən təqdim edib.

Maklaren Cavadovun hələ ötən yay Avroliqada Ağdamın “Qarabağ” klubu ilə oyunları onlara qarşı yaxşı çıxış etdiyini bildirib. İngilis çalışdırıcının fikrincə, Vaqifin bir neçə mövqedə oynamaq bacarığı onun ən üstün cəhətlərindəndir. Maklaren futbolçumuza cari mövsümdə özünü göstərmək şansını verəcəyini də deyib.

Holland həmkarlarımız da yeni transferləri diqqət mərkəzində saxlayır. Onlar Vaqifin “Tvente”də ikinci məşqinin daha ağır hava şəraitində keçməsinə şahid olub. Belə ki, yağan qar hazırlıq prosesində çətinlik yaratsa da, hücumçumuz buna görə narahat deyil: “Mən belə hava şəraitindən qorxmuram. Onsuz da Bakıda qar yağdığını, Moskvada oynadığımı, orada 20 dərəcə şaxtada məşq etdiyimi nəzərə alsaq, belə hava şəraiti mənim üçün yenilik deyil”.

Cavadov komandasının heyətində Hollandiya çempionatının növbəti turu çərçivəsində sabah “Roda” ilə ev oyununa hazırlaşır. Ancaq Maklarenin görüşə 2-3 gün qalmış məşqlərinə qatılan futbolçumuza şans verəcəyi az inandırıcı görünür. Üstəlik, “Tvente”nin futbolçusu Tiotenin Afrika Millətlər Kubokundan qayıtdığını nəzərə alsaq, baş məşqçinin ona güvənəcəyi, Vaqifi isə hələlik ehtiyatda saxlayacağı gözlənilir.

Qeyd edək ki, Cavadov milli komandamızda da 7 nömrəli formada çıxış edir.
0