“Əgər Tetradze özü Mahir Şükürovu kluba götürübsə...”
02.02.2010 - 10:40
“Əgər Tetradze özü Mahir Şükürovu kluba götürübsə...”
“Mahir Şükürovun “Anji”yə keçidinə sevindim. İndi hər şey onun öz əlindədir”. Bunu apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” klubunun sabiq müdafiəçisi, az öncə “Neftçi”yə qayıtmış Valeri Abramidze deyib.

Gürcü müdafiəçi ölkəmizdə iki illik çıxışını başa vuraraq, 2007-də Rusiyanın məhz “Anji” komandasına keçmişdi. Ancaq Rusiyanın birinci divizionunda bir mövsüm oynadıqdan sonra bu komandanı tərk edən Abramidze indi müdafiəçimiz Mahir Şükürova azarkeşlik edəcək. Özü də Mahir “Neftçi”yə qayıdan gürcü həmkarından fərqli, “Anji” ilə Rusiya Premyer Liqasında oynayacaq: “Orada yaxşı perspektiv var. Mahir yaxşı oynasa, qabağa gedəcək. Çünki Rusiya Premyer Liqasında hamı göz qabağındadır. Hər zaman bütün ölkənin diqqət mərkəzindəsən, əsas uğurlu çıxış etməkdir”.

Abramidze bildirib ki, “Anji”də ab-hava çox yaxşıdır: “Orada çoxlu həmyerlilərim çıxış edir. Onlarla mütəmadi əlaqəm var. Eşitdiyimə görə, Mahir çox yaxşı insandır. Elə zəngləşdiyim həmyerlilərim də bunu deyir. Onlar Şükürovun kollektivə tez uyğunlaşdığını, heç bir problemlə üzləşmədiyini söyləyir. Ümumiyyətlə, “Anji”də oynadığım vaxtda yerli, dağıstanlı futbolçular məni çox mehriban qarşılaşmışdılar. Mən orada legioner olduğumu hiss etmirdim. Dağıstan çox dost sevər vilayətdir. Elə “Anji” də çox mehriban komandadır”.

Valerini də “Anji”yə indiki baş məşqçi Omari Tetradze gətirmişdi. Abramidze həmyerlisi ilə cəmi bir ildən sonra yollarını ayırmasını belə əlaqələndirib: “Anji”dən getməyim daha çox öz problemlərimlə bağlı idi və indi onları müzakirə etməyə dəyməz. Bildiyimə görə, Mahirin keçidində əsas təşəbbüskar baş məşqçi Tetradze olub. Əgər Tetradze Şükürovu özü götürübsə, deməli, futbolçu seçiminə çox məsuliyyətlə yanaşır. Baş məşqçinin Mahiri cəlb etməsi ona inamın böyük olmasından xəbər verir”.

Qeyd edək ki, Abramidze Şükürov kimi, “Neftçi” və “Xəzər-Lənkəran”da sağ cinah müdafiəçisi mövqeyində oynayıb. Ancaq onlara bu komandalarda birgə oynamaq nəsib olmayıb. Valeri “Neftçi” və “Xəzər-Lənkəran”dan gedəndən az sonra Mahir bu komandalara keçib.
0