“Heç istəməzdim ki, Teli səhvimdən qol vursun”
12.03.2010 - 00:12
“Heç istəməzdim ki, Teli səhvimdən qol vursun”
“Xəzər-Lənkəran” klubunun albaniyalı müdafiəçisi Elvin Beçirinin apasport.az saytına müsahibəsi

- Bu gün “altılığ”ın ilk turunda “Qəbələ” ilə görüşəcəksiniz. Oyuna necə hazırlaşmısınız?
- Dörd gündür bu görüşə hazırlaşırıq. Fikrimcə, çətin oyun olacaq və biz buna yüz faiz hazır olmalıyıq. Ümid edirəm ki, qələbə qazanacağıq.

- Siz ilk dəfə “Qəbələ”yə qarşı forma geyinəcəksiniz. Rəqib haqda nə bilirsiniz, bu komandanın oyunu olan videoyazısını görmüsünüz?
- Yox, hələ görməmişik. Ancaq məşqçimiz deyib ki, güclü rəqiblə görüşəcəyik və bu səbəbdən asan qarşılaşma olmayacaq. Fikrimcə, bizə hər oyunda çətin olacaq. Gərgin, sərt mübarizənin şahidi olacağıq.

- Maraqlıdır, futbolçu karyeranızda əvvəllər bu sistemlə keçirilən çempionatda iştirak etmisinizmi?
- Xeyr, ilk dəfə iştirak etdiyimdən mənim üçün də maraqlıdır.

- Sizcə, bu sistem özünü doğruldacaq?
- Hər bir ölkə çempionatını istədiyi kimi keçirir. Hansı sistemi bəyənirlər, onu da seçirlər. Yaxşı-pis olması haqda bir şey deyə bilmərəm. Kimisi bu sistemi bəyənir, digəri başqasını. Kəsəsi, sistemin mənə fərqi yoxdur. Mənim üçün ən əsas oynamaqdır. İstəyirəm ki, hər görüşdə yüz faiz özümü göstərim.

- İndiyədək bir sıra mütəxəssislərin rəhbərliyi altında oynamısınız. “Xəzər-Lənkəran”da baş məşqçiniz olan Ağasəlim Mircavadovu necə xarakterizə edərdiniz?
- Mircavadov köhnə məşqçidir. Məncə, vaxtilə milli komandanızı da çalışdırıb, elədir?

- Bəli.
- Mircavadov yaxşı məşqçidir, komandanın potensialını yüz faiz açmağı bacarır. Mənim üçün güclü mütəxəssisdir. Bir futbolçu kimi deyə bilərəm ki, bizə yaşıl meydanda yaxşı oynamaq üçün ruh yüksəkliyi verir.

- Mircavadov komandanı necə motivasiya edir? Oyun öncəsi futbolçulara nə deyir, nəyə diqqət yetirməyi tapşırır?
- Ən əsası, komandanı yaxşı oynamaq üçün yüz faiz hazır edə bilir. Bu, məşqçi üçün ən vacib amildir.

- Son oyununuz Azərbaycan kubokunda Ağdamda “Qarabağ”a 1:2 hesabı ilə uduzduğunuz görüş olub. Həmin uğursuz matçı unuda bilmisinizmi? Bu gün “Qəbələ” ilə qarşılaşmada psixoloji baxımdan çətin olmayacaq ki?
- Elə düşünürəm ki, biz həmin oyunu unudub, növbəti sınağı fikirləşirik. Bu, ölkə kubokunda ilk oyun idi. Qarşıda hələ cavab görüşü var. Onu da evdə keçirməyimiz bizə üstünlük verir. Hələlik “Qəbələ” ilə görüşü düşünürük.

- Həmin oyunda rəqib qələbə topunu son saniyələrdə vurdu. Özü də sizin səhvinizdən sonra. Bu kobud səhvi nə ilə izah edərdiniz?
- Təbii ki, bunu istəməzdim. Həmin mövqedə olmalı deyildim. Nə edəsən, futbolda belə şeylər olur. Çox güclü külək əsirdi. Bu oynamağa əlavə çətinlik yaradırdı. Belə güclü küləkdə yaxşı oynamaq olmazdı. Xüsusilə, ikinci hissədə işimiz çətinləşmişdi. Əlbəttə, həmin oyundan sonra mənə çox ağır idi. Çünki komandamız son saniyələrdə buraxdığı qolla məğlub oldu. Nə isə, bu oyun haqda çox düşünmək lazım deyil. Artıq “Qarabağ”la həmin görüş tarixdə qaldı.

- Taleyin işindən qələbə topunu həmyerliniz, milli komandada bir yerdə oynadığınız Admir Teli vurdu. Yəqin ki, bu sizi daha çox üzdü...
- İstəməzdim ki, Admir mənim səhvimdən sonra qol vursun. Afərin ona. Teli bir peşəkar kimi öz işini gördü. Çalışacağıq ki, növbəti oyunda bunu mən edim.

- Yəni, cavab görüşündə Telinin səhv edəcəyinə və qol vuracağınıza ümid edirsiniz?
- Bəli, bəli. İstərdim ki, Lənkərandakı oyunda hər şey əksinə olsun.

- Adətən belə səhv olanda, yəni həmyerlilərdən biri səhv edib, digəri qol vuranda xoşagəlməz söz-söhbətlər yayılır...
- Kim belə fikirləşirsə, səhv edir. Bilərəkdən səhvdən söhbət gedə bilməz. Belə şeyləri futbolu anlamayanlar deyə bilər. Hər halda, bunu istəməzdim.

- “Xəzər-Lənkəran”ın çempion olmaq, kuboku qazanmaq şanslarını necə dəyərləndirirsiniz?
- Ümid edirik ki, biz çempion olacağıq. Ölkə kubokunu da hədəfə almışıq. Mən digər yox, öz komandam haqda düşünürəm.

- Əsas rəqibləriniz kimdir?
- “İnter” və Bakı”ya qarşı da oynamadığımdan, onlar haqda bir şey deyə bilmərəm. “Neftçi” və “Qarabağ”la bizi yenə çətin sınaq gözləyir. Fikrimcə, “altılıq”da bütün rəqiblərimiz hər oyunda qalib gəlmək üçün sona qədər mübarizə aparacaq və hamıya çətin olacaq.

- Hər halda, şanslarınızı yüksək sayırsınız?
- Bu haqda bir şey deyə bilmərəm. Hamının şansı var.
0