“Sağ olsun qızlar, onlar mənə yardım etdilər” - MÜSAHİBƏ
09.04.2010 - 23:51
“Sağ olsun qızlar, onlar mənə yardım etdilər” - MÜSAHİBƏ
Qadınlardan ibarət Azərbaycan yığma komandasının qapıçısı Anjela Temirovanın müsahibəsi

- Əvvəlcə özünüz barədə məlumat verərdiniz...
- 1987-ci ilin mayın 24-də Ukraynada dünyaya gəlmişəm.

- Futbola əvvəldən marağınız olubmu?
- Bəli. Düzdür, lap dərindən maraqlanmışam desəm, yalan olar. Amma imkan daxilində oyunlara baxırdım. Yəni, bu idman növünə marağım olub.

- Uşaqlıqda futbol oynamısınızmı?
- Digər idman növlərinə daha çox marağım olub. Hətta məşğul olduqlarım növlər də olub.

- Belə başa düşdük ki, futbolçu olmaq fikriniz olmayıb. Elədirmi?
- Bəli. Amma idmandan uzaq qalmaq niyyətim də olmayıb. İstəyirdim ki, digər idman növü ilə məşğul olum. Konkret olaraq, həndbola marağım böyük idi.

- Bu idmanla məşğul oldunuzmu?
- Bəli. 14 yaşıma qədər həndbol oynamışam. İstəyirdim ki, yaxşı həndbolçu olum. Bunun üçün var gücümlə çalışırdım.

- Yaxşı həndbolçu ola bilərdinizmi?
- Mənim nəsə deməyim düz olmazdı. Yaşım o qədər çox deyildi. Ən yaxşı halda perspektivli idmançı sayıla bilərdim. Hər halda, öz üzərimdə çalışır və yaxşı idmançı olmağa səy göstərirdim.

- Necə oldu ki, həndbolu atmaq qərarına gəldiniz?
- Həndbolu atmaq demək düzgün olmazdı. Məşqlərin birində mənə “Ruslan-93” klubunun prezidenti Telman Abdullayev yaxınlaşdı. O, mənim perspektivimin olduğunu söylədi və futbolçu olmağı təklif etdi. Bundan sonra da həndboldan uzaqlaşmaq qərarına gəldim.

- Nəyə görə razılaşdınız? Axı dediyiniz kimi, həndbolla uzun müddətdir ki, məşğul olurdunuz.
- Burada başqa amil olduğunu söyləmək olmaz. Sadəcə, özümü yeni bir idman növündə sınamaq qərarına gəldim. Bir də uşaqlıqdan futbola marağım var idi. Bu da seçimimə təsirini göstərdi.

- Ailənizdə seçiminizə qarşı çıxan olmadı?
- Oldu. Atam mənim futbolçu olmağımın əleyhinə idi. Bunu açıq şəkildə mənə dedi. Amma qərarımda qəti idim. Sonradan daha evdə də mənə heç nə demədilər və futbola da məhz bu andan başladım.

- Qapıçı olmağı necə, özünüz seçdiniz, yoxsa tövsiyə etdilər?
- Özüm bu qərarı verdim. Onsuz da heç bir mövqedə oynamaq asan deyil. Qapıçı kimi, müdafiəçi, yarımmüdafiəçi və hücumçular da çətinliklərlə üzləşir. Mənə də asan olmadı. Məşqlərdə əziyyət çəkirdim. Bilirsiniz, yeni idman növünə alışmaq üçün də vaxt lazımdır.

- Deyəsən, sizin üçün çətin olub?
- Asan olacağını gözləmək düzgün olmazdı. Yuxarıda qeyd etdiyim kimi, yeni idman növünə keçmişdim. Burada tam başqa cür oynamaq lazım idi. Lakin bu çətinlikləri şişirtməyin əleyhinəyəm. Bir də gələndə düşünürdüm ki, mənə yeni kollektivdə çətin olacaq. Amma belə olmadı. Sağ olsun qızlar, uyğunlaşmağa yardım etdilər.

- Qapıçı olmaq çətindirmi?
- Asan deyil. Digər mövqelərdə yer alanlar səhv edəndə bunu komanda yoldaşları sığortalaya bilər. Amma qapıçılar üçün vəziyyət fərqlidir. Onlar həmişə göz önündədirlər. Bir səhv buraxan kimi qapında qol görə bilərsən. Dərhal da hamı günahı səndə görəcək. Üstəlik, burada səni dərhal əvəzləyə biləcək biri olur. Nəticədə əsas heyətdə yerini itirə bilərsən. Sonradan isə yenidən qapını qorumaq üçün gərək gözləyəsən. Bir sözlə, qapıçı olmaq çox böyük məsuliyyət tələb edir.

- Məşqçilərin kim olub?
- Kərim müəllim, Feliks müəllim kimi məşqçilərim olublar. Bunlar konkret olaraq qapıçılarla işləyən məşqçilərdir. Onların mənim yaxşı qapıçı kimi yetişməyimdə rolları böyük olub.

- İlk klubunuz hansıdır?
- “Ruslan-93”. Burada uzun müddət çıxış etmişəm. Daha sonra “Gömrükçü”yə keçdim. İndi isə “Neftçi”nin formasını geyinirəm. Bu klubların hər birini özümə doğma bilirəm.

- Yığmada necə, oynamısınızmı?
- Bəli. 19 yaşadək futbolçulardan ibarət milliyə dəvət almışam. Bəzi qarşılaşmalarda çıxış etmişəm. Yığmaya da dəvət aldığım dövr olub. Yəni milli komanda mənim üçün yenilik deyil.

- Fevral ayında Türkiyədə təlim-məşq toplanışında oldunuz.
- Bu toplanışda mən iştirak etməmişəm. Sadəcə, onu deyə bilərəm ki, qızlar uzun müddət idi ki, futbol oynamadıqlarından belə toplanışın onlara xeyri dəyib.

- Gürcüstandakı toplanışda da olmadınız. Bildiyimizə görə, Çexiya ilə görüşdə də iştirak etmək istəmirdiniz. ..
- Bəli. Amma bunu millidən imtina etmək kimi başa düşməyin. Sadəcə, mənim zədəm, topuğumda problemlər var idi. Ona görə də yığmaya gəlmək istəmirdim. Qorxurdum ki, zədəmi təzələyim. Amma sonda fikrimi dəyişib yığmaya qoşuldum.

- İndi də keçək Çexiya ilə oyuna. Bu matçı heç də yaxşı keçirmədiniz.
- Sizinlə razıyam. Ancaq siz dediyiniz işin yalnız görünən tərəfidir. Yuxarıda qeyd etdim ki, biz uzun müddətdir ki, futbol oynamırdıq. Oyun praktikasından əziyyət çəkirdik. Üstəlik, ay yarım məşq etmək tam formaya düşməyimizə kifayət etmir. Ona görə də oyunun gedişində bunu çox ciddi şəkildə hiss etdik. Çexiya yığması da zəif komanda deyil.

- Qarşılaşmanın gedişində meydana çıxdınız. Bunu gözləyirdinizmi?
- Əsas qapıçımız Əlfiyyə Biqbulatovanın zədəsi var idi. Bu da oyunun gedişində özünü göstərdi. Ona görə də baş məşqçimiz Şamil Heydərov məni meydana buraxdı. Düzünü desəm, həyəcanlandım. Qapıçı üçün sonradan meydana daxil olmaq çətindir.

- Çox çətin idi?
- Bəli. Çünki iki ildir ki, futbol oynamırdım. Belə bir vəziyyətdə oynamaq asan deyil. Hər halda çalışdım ki, özümü doğruldum.

- Pis çıxış etmədiniz. Bir neçə epizodda komandanı qoldan xilas etdiniz.
- Bu mənim vəzifəmdir. Nə bacarırdımsa, onu əsirgəmədim. Amma səhvimin olmadığını da demək olmaz. Misal üçün, başla vurulan üçüncü qol zamanı səhv buraxmışdım. Ona görə də ideal çıxış etdiyimi söyləmək olmaz.

- Seçmə mərhələ hələ başa çatmayıb. Qarşıda sizi səfər oyunları gözləyir.
- Çətin olacaq. Qarşıdakı təlim-məşq toplanışlarında öz üzərimizdə işləməliyik. Belçika ilə oyunumuz çətin olacaq. Amma bu rəqibə qarşı oynamadığımdan fikir bildirə bilmərəm. İsveç isə dünyanın ən güclü komandalarından biridir.

Mənbə: “Futbol dünyası” qəzeti
0