Kamran Ağayev: Foqts bizə deyir ki, kökəlin
01.06.2010 - 13:00
Kamran Ağayev: Foqts bizə deyir ki, kökəlin
Azərbaycan yığmasının və “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi

- Milli komanda artıq iki yoldaşlıq görüşü keçirib. Bu oyunlarda 4 qol buraxmısınız. Bunu necə izah edərdiniz?
- Əlbəttə ki, 4 qol buraxmaq pisdir. Amma nəzərə alaq ki, bu yoldaşlıq görüşləri idi. Tam heyətlə oynamırdıq. Əgər futbolçu qapıçıya kömək edə bilmirsə, mənə də çətindir. Çünki oyunçular kömək etməyəndə, qapıçı çətin duruma düşür. Əsas odur ki, Avropa çempionatının seçmə mərhələsinə yaxşı hazırlaşaq. Makedoniya ilə görüşdə birinci və üçüncü toplar götürüləsi idi. Fikrimcə, mən mövqe səhvi etmişdim. Amma sizə bir söz deyim: hətta dünyanın ən məşhur qapıçıları da səhvlər buraxır. Əsas odur ki, axarıcnı yox, axırıncı oldun.

- Bəs Kamran Ağayevin kumiri hansı qapıçıdır?
- Hamının olduğu kimi, mənim də kumirim var. Amma bu sirdir. Bilirsiniz, burda müəyyən şeylər var. Məsələn, biz Avropa toplanışlarında olanda çox su içirik. Amma klubda belə deyil. Bax bunu başa düşə bilmirəm. Görürsünüz də, bizdə hamı arıqdır. Amma Foqts bizə deyir ki, kökəlin. Azərbaycanda hansı komandaya getsən, deyəcəklər bu arıqdır, komandaya götürməyəcəklər. Bizdə belə metod yoxdur. Buna görə də futbolçular balacadır. Məsələn, Avropanın ən arıq qapıçısı məndən kökdür.

- Almaniya mətbuatında “Herta” klubunun sizinlə maraqlandığı yazılıb...
- Konkret təklif odur ki, “Xəzər-Lənkəran”a müraciət edib məni istəsinlər. Bir də ki, gedib Almaniyanın II divizionunda oynamaqdansa, “Xəzər-Lənkəran”da qalmaq daha yaxşıdır.
Düzdür, mən də Avropada oynamaq istəyirəm. Amma konkret təklif yoxdur. İndiyədək mənə 1 dəfə konkret təklif olub ki, onda da belimdə zədə var idi. Amma təklif olsa, “Xəzər-Lənkəran” məni təmənnasız əcnəbi kluba buraxar.

- Nəyə görə məşqlərdə digər qapıçılarla müqayisədə futbolçular sizə daha çox qol vurmaq istəyirlər?
- Mehribanıq da, ona görə. Öz aramızda zarafat edirik ki, məşq də maraqlı, yüksək-əhval ruhiyyədə keçsin. Bu, bizə lazımdır.

- “Bakı” klubunun futbolçuları ilə “haqq-hesabınız” qalmışdı. Onlardan bəziləri ilə Moldova yığmasının heyətində görüşdünüz.
- Mənim legionerlərə heç bir işim yoxdur. Onlar bizim mentalitetə uyğun adam deyillər. Futbol həyatı 10-15 il çəkir. Sonra kim nə işlə məşğul olacaqsa, bilinmir. “Bakı”da bəzi azərbaycanlı futbolçular var ki, mən onlarla dil tapa bilmirəm. Əfsuslar olsun ki, onların hərəkəti futbola ləkədir. Kubok oyununda “Bakı”nın futbolçusunun niyyəti başqa idi. O istəsəydi, topu yerlə də vura bilərdi. Həmin vaxt mən 10 metr də qabaqda ola bilərdim. Deməli, burda başqa niyyət olub. Bu da onu göstərir ki, “Bakı” klubunda kapitanın sözü futbolçuların yanında keçmir. Bəli, bu gün o qələbə qazandı. Amma futbolçu karyeranı başa vurandan sonra buna cavab verəcəksən.

- Bizdə olan məlumata görə, “Xəzər-Lənkəran” həmin oyunla bağlı UEFA-ya müraciət edib...
- Bundan sonra nə xeyri var? Bu artıq bizə kömək etməyəcək. Sadəcə, futbolçularda vicdan olmalıdır. Sizin köməyinizlə hakim Elçin Məmmədovla bağlı açıqlama vermək istəyirəm. Hamı elə bilir ki, mənim onunla problemim var. Amma belə deyil. Nə qədər beynəlxalq oyunlarda iştirak etmişəm, amma sarı vərəqə almamışam. Amma necə olur ki, o idarə etdiyi oyunlarda mənə sarı vərəqə göstərir? Bizim hakimlər çox geri qalıblar. Fikrimcə, milli komanda futbolçularına az da olsa hörmət eləmək lazımdır. Mən də ən azından Azərbaycan yığmasının şərəfini qoruyuram. Ona kim ixtiyar verib ki, futbolçularla əllə-qolla danışsın, hörmətsizlik etsin?

İxtiyar ƏSGƏROV
Avstriya
0